“20 Yanvar-Ümumxalq Hüzn Günü” adlı tədbir keçirilib

“20 Yanvar-Ümumxalq Hüzn Günü” adlı tədbir keçirilib
# 17 yanvar 2011 15:37 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva – APA. Azərbaycan Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyası, Azərbaycan 20 Yanvar Fondu, Azərbaycan Gəncliyə Yardım Fondu və Türkiyənin “İstanbul Beynəlxalq Qardaşlıq və Yardımlaşma Dərnəyi”nin Azərbaycan nümayəndəliyinin birgə təşkilatçılığı ilə “20 Yanvar-Ümumxalq Hüzn Günü” adlı tədbir keçirilib. APA-nın məlumatına görə, Azərbaycan Gəncliyə Yardım Fondunun prezidenti Ahmet Tecimin Azərbaycanda şəhid və məcburi köçkün ailələrinə böyük diqqətin göstərildiyini deyib.

Prezident Administrasiyası ictimai-siyasi şöbəsinin baş məsləhətçisi Rasim Mirzəyev bildirib ki, 20 Yanvarla bağlı tədbirlərin keçirilməsi dövlətin daim diqqət mərkəzindədir və bundan sonra da bu diqqət davam edəcək. R. Mirzəyev 20 Yanvar hadisələrinin Azərbaycanın qəhrəmanlıq səhifəsi kimi xatırlanmasını da vacib sayıb.

Türkiyə Azərbaycandakı səfirliyinin müşaviri İsmayıl Çalışqanlı isə bildirib ki, “20 Yanvar” hadisələri Azərbaycanın müstəqilliyinə yol açıb: “Türkiyə Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlət olub. Azərbaycan Türkiyənin hər zaman onun yanında olduğunu bilməlidir”.

Gənclər və idman nazirinin müavini İntiqam Babayev isə bildirib ki, Azərbaycanın oğul və qızları 21 il əvvəl tariximiz üçün həyatlarını qurban veriblər. İ. Babayev bu hadisəni azərbaycanlılara qarşı törədilən soyqırımı siyasətinin bir hissəsi saydığını deyib.

Deputat Etibar Hüseynov isə “20 Yanvar” hadisəsinin, onun qurbanlarının adından bəzən müxtəlif məqsədlər üçün istifadə edilməsinin yolverilməz olduğunu deyib: “İlhamla Fərizənin toy gününü – iyunun 30-nu “Sevgililər Günü” elan ediblər. Ancaq İlhamla Fərizəni sevgili kimi təqdim edərək onların qəhrəmanlığını aşağılamaq düzgün deyil. Onlar qəhrəmanlıq simvoludur. Məncə, 30 iyun da “Sevgililər Günü” deyil, “Sədaqət andı” günü kimi qeyd edilməlidir. Qoy, 30 iyunda cavanlar daha çox qol-boyun olaraq, yeyib-içməsinlər, onların məzarı üstündə andı içsinlər”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR