Ötən il Bakıda 10 məktəb direktoru vəzifəsindən azad edilib, 6 məktəb direktoruna isə töhmət verilib

Ötən il Bakıda 10 məktəb direktoru vəzifəsindən azad edilib, 6 məktəb direktoruna isə töhmət verilib
# 19 yanvar 2011 14:04 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva-APA. Ötən il ərzində Təhsil Nazirliyinin “Qaynar xətt” xidmətinə 13232 müraciət daxil olub. Nazirliyin “Qaynar xətt” xidmətindən APA-ya verilən məlumata görə, müraciətlərin 11861-i telefonla, 1371-i elektron poçt vasitəsilə qəbul edilib. Müraciətlərin 60 faizdən çoxu ümumtəhsil, 5 faizə qədəri məktəbəqədər tərbiyə, 1 faizə qədəri məktəbdənkənar tərbiyə, 5 faizi texniki-peşə təhsili müəssisələri, 20 faizi ali məktəblər, 7 faizi orta ixtisas təhsili müəssisələri ilə əlaqədardır.

Aparılan araşdırmalar nəticəsində Bakıdakı 26, 37, 61, 79, 110, 141, 192, 208, 228 və 321 nömrəli məktəblərin direktorları işdə yol verdikləri nöqsanlara görə vəzifədən azad olunub, 38, 94, 139, 151, 176, 270 nömrəli məktəblərin direktorlarına müxtəlif dərəcəli töhmət verilib, 146 məktəb direktoruna isə xəbərdarlıq edilib.

Ümumtəhsil məktəbləri ilə əlaqədar Gəncə, Sumqayıt, Mingəçevir, Şirvan şəhərlərindən və Abşeron, Yardımlı, Daşkəsən, Zaqatala, Xaçmaz, Tovuz, Tərtər, Lənkəran, Şabran, Lerik, rayonlarından daha çox müraciət daxil olub.

Abşeron rayonundan daxil olan müraciətlərin böyük əksəriyyəti şikayət xarakterli olub. Belə ki, müraciətlərin əksəriyyətində həmin rayonun ümumtəhsil məktəblərində bir neçə dəfə məcburi qaydada məktəbli formasının, lüzumsuz kitabların satışının təşkil edildiyi, fond pulu toplandığı bildirilib. Məsələ ilə əlaqədar Abşeron Rayon Təhsil Şöbəsinin müdirinə problemin qısa müddətdə aradan qaldırılması üçün müvafiq tapşırıqlar verilib, təlimata zidd olaraq məktəbli formasının satışında iştirak etdiyinə görə bir orta məktəb müəllimi işdən azad olunub.

Təhsil müəssisəsində şagirdlərə təqaüdlərin, sosial ödəmələrin, işçilərin əmək haqlarının vaxtında verilməməsi barədə “Qaynar xətt” xidmətinə daxil olmuş müraciətlərə əsasən Dəniz Balıq Sənayesi Kolleci və 6 nömrəli Bakı peşə liseyində ötən ilin noyabr ayında araşdırmalar aparılıb. Araşdırmalara müvafiq olaraq, Dəniz Balıq Sənayesi Kollecinin və 6 nömrəli Bakı peşə liseyinin direktorlarına xəbərdarlıq edilib, həmin təhsil müəssisələrinin mühasiblərinə isə töhmət verilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR