TQDK abituriyentlərin fizika fənni üzrə sualları düzgün cavablandıra bilməməsinin səbəblərini açıqlayıb

TQDK abituriyentlərin fizika fənni üzrə sualları düzgün cavablandıra bilməməsinin səbəblərini açıqlayıb
# 20 yanvar 2011 08:09 (UTC +04:00)
Komissiyadan APA-ya verilən məlumata görə, test tapşırıqları orta məktəb kursunun mexanika, molekulyar fizika və termodinamika, elektrodinamika, optika, kvant fizikası, atom və nüvə fizikası bölmələrini əhatə edib. Təhlil göstərib ki, abituriyentlərin əksəriyyəti “Mexanika” bəhsində “Statikanın əsasları”, “Molekulyar fizika” bəhsində “Termodinamikanın əsasları”, “Elektrodinamika” bəhsində “Elektrostatika”, ”Sabit elektrik cərəyanı”, “Elektromaqnit induksiya hadisəsi”, “Elektromaqnit rəqsləri və dalğaları” mövzularına dair test tapşırıqlarına ya zəif cavab verib, ya da onlardan imtina edib.

Bununla yanaşı, abituriyentlərin müəyyən hissəsi faktoloji materiala əsaslanan düstur vahid və cihaza aid tapşırıqlara daha yaxşı, fiziki hadisə və proseslərin mahiyyətinin açılmasına yönəlmiş, biliklərin tətbiqini tələb edən və məntiqi düşüncəyə əsaslanan qrafik, keyfiyyət və hesablama tipli tapşırıqlara isə nisbətən zəif cavab verib.

Təhlil göstərib ki, fizikadan ənənəvi olaraq, abituriyentlərin bir qisminin zəif nəticə göstərməsi əsasən üç amillə bağlıdır. Bunlar abituriyentlərin ümumi riyazi bilik səviyyələrinin zəif olması, fiziki hadisə və proseslərin mahiyyətini dərk edə bilməməsi, məktəblərin maddi-texniki bazalarının aşağı səviyyədə olmasıdır.

Abituriyentlərin bir qismi fiziki kəmiyyətlərin ölçülməsi üçün istifadə olunan cihaz və vasitələr, onların iş prinsiplərinə aid test tapşırıqlarına da cavab verməkdə çətinlik çəkir. Bu nəticə bilavasitə respublikanın orta ümumtəhsil məktəblərində fizika laboratoriyalarının maddi-texniki bazasının aşağı səviyyədə olması ilə əlaqədardır.
Laboratoriya dərslərinin keçirilməməsi, təcrübələrin aparılmaması, praktiki işlərin yerinə yetirilməməsi ona gətirib çıxarıb ki, abituriyentlərin böyük əksəriyyəti ən adi cihazların nəinki iş prinsipini, hətta nə üçün, hansı kəmiyyəti ölçmək üçün istifadə olunduğunu da bilmir. Əksər abituriyentlər iki və daha çox fiziki hadisənin mahiyyəti ilə bağlı biliklərin istifadə edilməsinə dair test tapşırıqlarına cavablarda da kobud səhvlərə yol verib və ya onları cavablandırmaqdan imtina edib. Bunun əsas səbəbi kimi tədris prosesində fənlər arasında, eləcə də fizikanın müxtəlif bölmələri arasında əlaqələrin öyrənilməsinə kifayət qədər fikir verilməməsi göstərilmişdir. Digər bir səbəb isə abituriyentlərin riyazi bilik səviyyələrinin zəif olmasıdır. Bu, özünü əsasən qrafik, hesablama və keyfiyyət tipli test tapşırıqlarının həllində göstərir. Abituriyentlərin əksəriyyəti məhz lazımi riyazi çevrilmələrdə səhvlərə yol verir, düsturlardan parametrləri düzgün təyin edə bilmir.

TQDK abituriyentlərin cavab verməkdə çətinlik çəkdikləri test tapşırıqlarına dair metodiki tövsiyə hazırlanması və tövsiyənin “Abituriyent” jurnalının ikinci sayında dərc edilməsini qərara alıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR