Kür və Araz çaylarında keçirilən monitorinqlərin nəticələri açıqlanıb

Kür və Araz çaylarında keçirilən monitorinqlərin nəticələri açıqlanıb
# 24 yanvar 2011 06:53 (UTC +04:00)
Bakı-APA. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti Kür və Araz transsərhəd çaylarının, həmçinin, onların transsərhəd qollarının çirklənmə səviyyəsini öyrənmək məqsədilə yanvar ayının II ongünlüyü üçün növbəti monitorinq həyata keçirib.ETSN-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, yanvar ayının II ongünlüyündə Kür çayında suyun sərfi yanvar ayının I ongünlüyünə nisbətən 2 m3/san azalaraq 124 m3/san təşkil edib.
Monitorinqin nəticələrinə əsasən, Kür çayında Gürcüstan və Ermənistan ərazilərindən təmizlənmədən birbaşa su obyektlərinə axıdılan məişət tullantıları və sənaye müəssisələrinin çirkab sularının təsiri nəticəsində biogen maddələrin miqdarı normadan dəfələrlə artıq olub. Suyun tərkibindəki spesifik çirkləndiricilərdən fenol və mis birləşmələri yol verilən qatılıq həddini (YVQH) keçib. Belə ki, Şıxlı-2 məntəqəsində suyun əsas çirkləndiricilərindən fenollar 3, mis birləşmələri 4, Ağstafaçay məntəqəsində və Ağstafaçay su anbarında isə fenollar 2, mis birləşmələri 4 dəfə YVQH-ni ötüb.

Aparılan monitorinqin nəticələrinə görə Ermənistan ilə transsərhəd olan Araz çayında suyun sərfi 73 m3/san olub. Horadiz məntəqəsində suyun əsas çirkləndiricilərindən olan fenollar 3, mis birləşmələri 2, I Şahsevəndə fenollar 3, mis birləşmələri 4, Bəhramtəpə məntəqəsində fenollar və mis birləşmələri 2 dəfə YVQH-ni keçib.
Suyun oksigen rejimi bütün məntəqələrdə 5,75-6,82 mq/l arasında olmaqla sanitar norma daxilində dəyişib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR