Azərbaycanda uşaqların yalnız 16%-i məktəbəqədər təhsil müəssisələrində tərbiyə alır

Azərbaycanda uşaqların yalnız 16%-i məktəbəqədər təhsil müəssisələrində tərbiyə alır
# 24 yanvar 2011 08:09 (UTC +04:00)
Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, 2011-ci ilin yanvar ayının 1-i vəziyyətinə ölkədə fəaliyyət göstərən 1 624 dövlət və 11 qeyri-dövlət məktəbəqədər təhsil müəssisəsində 108 min uşaq və ya 1-5 yaşlı uşaqların 15,9%-i tərbiyə alır. Məktəbəqədər təhsil müəssisələrinin 97%-i Təhsil Nazirliyinin sisteminə daxildir və onların 22%-i Bakı şəhərində yerləşir.

Eyni zamanda, 2010/2011-ci tədris ilinin əvvəlinə ölkənin 4 515 dövlət və 17 qeyri-dövlət əyani ümumi təhsil müəssisələrində 1,3 mln. şagird təhsil alıb.

Son illər ikinci və üçüncü növbələrdə məşğul olan şagirdlərin xüsusi çəkisinin azalması müşahidə olunur. Belə ki, şəhər yerlərində yerləşən ümumtəhsil məktəblərində bu göstərici 23,2%-dən 21,4%-ə, kənd məktəblərində isə 18,5%-dən 17,5%-ə enib.

Bundan başqa, 2010/2011-ci tədris ilinin əvvəlinə şagirdlərinin sayı 47 min nəfərdən artıq olan 75 dövlət liseyi və gimnaziyası fəaliyyət göstərib.

Dövlət müəssisələrinin ümumi sayında məcburi köçkün uşaqlar üçün 640 əyani ümumi təhsil müəssisəsi fəaliyyət göstərir və burada 76 min nəfər şagird təhsil alır.

Ötən il əyani ümumtəhsil məktəblərini bitirən 99 min nəfər məzundan 81 min nəfəri və ya 82%-i tam orta təhsil haqqında attestat alıb.

Bununla yanaşı, 2010/2011-ci tədris ilinin əvvəlinə ölkədə fəaliyyət göstərən 58 dövlət və 4 qeyri-dövlət orta ixtisas təhsil müəssisəsində 53 451 tələbə təhsil alıb, onların 2/3 hissəsini qadınlar təşkil edib.

Azərbaycanda bakalavr və magistrlərın hazırlanmasını həyata keçirən 36 dövlət və 15 qeyri-dövlət ali təhsil müəssisəsində təhsil alanların sayı 140 241 nəfər olub ki, onların da 46%-ni qadınlar təşkil edir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR