Ötən il Azərbaycanda 1500 müəssisədə ekoloji monitorinq aparılıb

Ötən il Azərbaycanda 1500 müəssisədə ekoloji monitorinq aparılıb
# 24 yanvar 2011 08:42 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin monitorinq xidmətləri tərəfindən 2010-cu ildə 1 499 müəssisədə müvafiq müayinələr aparılıb. Nəticədə, su hövzələrinin çirkləndirilməsi üzrə tədqiq olunmuş hər dörd müəssisədən birində və atmosfer havasının çirkləndirilməsi üzrə müayinə ilə əhatə olunmuş hər 10 müəssisədən birində atılan tullantıların icazə verilən həddən artıq olması qeydə alınıb.

Dövlət Statistik Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, təbiəti mühafizə qanunvericiliyinin pozulmasına görə ötən il inzibati məsuliyyətə cəlb olunmuş 815 nəfər vəzifəli şəxs və vətəndaşdan 1 mln. manat məbləğində cərimə tutulub. Bundan başqa, 505 müəssisəyə qarşı qaldırılmış iddialara əsasən həmin müəssisələr 127 min manat həcmində cərimə ödəyib.

Eyni zamanda, 2011-ci ilin əvvəlinə Azərbaycanda flora və faunanın qorunub saxlanması və təkrar istehsalı üçün ölkədə ümumi sahəsi 218,3 min hektar olan 11 dövlət qoruğu və sahəsi 310,5 min hektar olan 8 milli park mövcud olub. Heydər Əliyev Fondunun dəstəyi ilə keçirilən layihə çərçivəsində ceyranların tarixi arealları hesab olunan Qobustan, Acınohur, Ağgöl ərazilərinə ceyran fərdləri köçürülüb və ötən ilin yayında Ağgöldə onların təbii artımı müşahidə olunub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR