Xəzər dənizinin Azərbaycan sektorunda aparılan ekoloji monitorinqin nəticələri açıqlanıb

Xəzər dənizinin Azərbaycan sektorunda aparılan ekoloji monitorinqin nəticələri açıqlanıb
# 25 yanvar 2011 07:49 (UTC +04:00)
Bakı-APA. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsi (XKEMİ) ötən il ərzində Xəzər dənizinin Azərbaycan sektorunun 955,08 kilometrlik sahil zolağında (şimaldan-cənubadək), çimərlik ərazilərində, eləcə də, dənizdə fəaliyyət göstərən müəssisə və obyektlərdə, üzən vasitələrdə və təyin edilmiş koordinatlar üzrə açıq dənizdə 4, Xəzər dənizinin Azərbaycan sektoruna mənsub sahil zolağında 1427 ekoloji monitorinq keçirib. ETSN-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, monitorinqlər zamanı 4045 su, 178 qrunt, 6 qazma məhlulu, 8 şlam nümunəsi götürülüb. Onlar üzərində 21951 analitik, 9896 bioloji və ekotoksikoloji, 6286 mikrobioloji olmaqla, ümumilikdə 38133 tədqiqat aparılıb. Eyni zamanda, ayrı-ayrı təşkilatlara məxsus 36 ədəd bioloji və dezinfeksiyaedici qurğunun vəziyyəti araşdırılmış, onlar üzərində ciddi ekoloji nəzarət təmin olunub.
Keçirilən monitorinqlərdə Xəzər dənizi ilə əlaqəsi olan 299 axar qeydə alınıb ki, onlardan 268-i sahildən, 31-i isə dəniz akvatoriyasında olan müəssisə və obyektlərin fəaliyyəti nəticəsində dənizə antropogen təsir göstərir. Bu axarlardan götürülmüş nümunələr üzərində mütəmadi olaraq müvafiq təhlillər aparılıb.
2010-cu il ərzində idarənin iş planına uyğun aparılan tədqiqatlar zamanı bir sıra tədbirlər, o cümlədən hidrotexniki qurğuların, istismara yararsız estakadaların sökülərək sahilə daşınması, Bakı buxtasından batmış və yarımbatmış gəmilərin çıxarılması, həmçinin buxta ərazisində atılmış köhnə neft quyularının birdəfəlik ləğv edilməsi, Bibiheybət buxtasında neftlə çirklənmiş ərazilərdə rekultivasiya işlərinin aparılması və yaşıllıqların salınması, Hövsan kanalının müəyyən hissəsinin qapalı sistemə keçirilməsi, Neft Daşları və Çilov adasında yeni çirkab sutəmizləyici qurğuların istismara verilməsi və s. işlər həyata keçirilsə də, istirahət zonası və çimərlik əraziləri ilə zəngin olan Xəzər dənizinin şimal və cənub sahil zolaqlarında mərkəzləşdirilmiş kanalizasiya şəbəkələrinin olmaması, eləcə də formalaşan tullantıların idarə edilməməsi ötən ildə bir daha müşahidə edilib.
Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsi tərəfindən 2010-cu il ərzində Xəzər dənizinin sahil zolağı, eləcə də dəniz akvatoriyasında qeydə alınmış bütün ekoloji problemlərlə bağlı mütəmadi olaraq bülletenlər hazırlanaraq müvafiq icra strukturlarına çatdırılıb.

Bundan başqa, 2010-cu ildə Bakı buxtasının ekoloji vəziyyəti öyrənilmiş, eləcə də Hövsan Aerasiya Stansiyası üzərində mütəmadi aparılan ekoloji nəzarət sayəsində stansiyada çirkab suların norma daxilində təmizlənərək Xəzər dənizinə axıdılmasına nail olunub. Mövsümlə əlaqədar Abşeron yarımadasının sahil zolağı boyu çimərlik ərazilərində Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin əməkdaşlarının birgə iştirakı ilə monitorinqlər keçirilib, çimərlik ərazilərinin müxtəlif sahələrindən su nümunələri götürülərək, onların üzərində laborator müayinələr aparılıb. Aparılmış laborator analizlərə əsasən modul tipli çirkab sutəmizləyici qurğular quraşdırılıb, sahələrdə mikrobioloji baxımdan dənizdə bağırsaq çöpü bakteriyalarının miqdarı norma daxilində müəyyənləşdirilib. Çimərlik ərazilərində keçirilmiş birgə monitorinqlərə görə Qaradağ rayonunun Sahil, Səbail rayonunun Şıx və Sumqayıt çimərlikləri istisna olmaqla, digər çimərlik ərazilər istifadəyə yararlı olub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR