Azərbaycanda bələdiyyə ali məktəbləri yaradılacaq

Azərbaycanda bələdiyyə ali məktəbləri yaradılacaq
# 25 yanvar 2011 13:44 (UTC +04:00)
Nizamnaməyə əsasən, ali təhsil müəssisəsində siyasi partiyaların və dini qurumların strukturlarının yaradılmasına və fəaliyyətinə yol verilmir. Bu müəssisələrdə təhsil alanların geyim forması hər bir təhsil müəssisəsinin öz nizamnaməsi ilə müəyyən olunur. Azərbaycanda mülkiyyət növünə görə ali məktəblər 3 kateqoriyaya ayrılıb - dövlət, bələdiyyə və özəl.

Dövlət ali təhsil müəssisələrinə Təhsil Nazirliyi tərəfindən lisenziya müddətsiz, hüquqi və fiziki şəxslər tərəfindən təsis edilmiş bələdiyyə və özəl ali təhsil müəssisələrinə 5 il, əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər, xarici hüquqi şəxslər tərəfindən təsis edilmiş ali təhsil müəssisələrinə isə 3 il müddətinə verilir.

Sənədə əsasən ali təhsil müəssisələrinin bəzi struktur bölmələri hüquqi şəxs statusuna malik ola bilərlər. Azərbaycan ali təhsil müəssisələrində mütəxəssislər və elmi-pedaqoji kadr hazırlığı üç səviyyədən ibarətdir: bakalavriat (tibb təhsili istisna olmaqla); magistratura (tibb təhsili istisna olmaqla); doktorantura. Ali təhsil pilləsində isə əyani, qiyabi, distant (məsafədən) və sərbəst (eksternat) təhsilalma hüququ müəyyən edilib. Tibb təhsili isə əsas təhsilə və rezidenturaya ayrılır. Tibb təhsili təhsil proqramları üzrə ali təhsili başa vuranlara müvafiq olaraq həkim və həkim-mütəxəssis ali peşə-ixtisas dərəcələri verilir. Tibb təhsili üzrə əsas təhsil proqramlarının təhsil müddəti 5-6, rezidenturada isə 2-5 ildir. Bu müddət ayrı-ayrı ixtisasların (ixtisaslaşmaların) təhsil proqramları ilə müəyyənləşdirilir.

Nizamnaməyə əsasən doktorantura təhsili ali təhsil müəssisələrində və elmi təşkilatlarda yaradılan doktoranturalarda (hərbi təhsil müəssisələrində adyunkturada) həyata keçirilir və müvafiq elmi dərəcənin verilməsi ilə başa çatır. Azərbaycanda fəlsəfə doktoru (elm sahələri göstərilməklə) və elmlər doktoru (elm sahələri göstərilməklə) elmi dərəcələri müəyyən edilib.

Nizamnamədə ali təhsil müəssisələrinə qəbul, təkrar ali təhsil, təhsil alanların və təhsil verənlərin hüquq və vəzifələri, elmi fəaliyyət, ali təhsil müəssisələrinin idarə olunması, maliyyə-təsərrüfat fəaliyyəti və s. qeyd olunub. Sənədə əsasən, ali təhsil müəssisəsi öz nizamnaməsində göstərdiyi xidmətlər (tədris, elmi tədqiqat, məsləhət-konsaltinq, müalicə-profilaktik və digər xidmətlər) nəticəsində daşınar və daşınmaz əmlak, o cümlədən bina, avadanlıq, yeni texnologiya, nəqliyyat vasitələri və s. əldə edə bilər. Dövlət ali təhsil müəssisəsi belə mövcud qanunvericilik çərçivəsində öz nizamnaməsi ilə müəyyən edilmiş qaydada fiziki və hüquqi şəxslərə müxtəlif ödənişli təhsil xidmətləri göstərmək, sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq, hüquqi və fiziki şəxslərdən ianələr və könüllü yardımlar almaq hüququna malikdir. Bu mənbələrdən əldə olunan vəsait və digər əmlak dövlət ali təhsil müəssisəsinə büdcədən ayrılan vəsaitlərin miqdarına təsir göstərmir və onun nizamnaməsinə uyğun olaraq sərbəst istifadə edilməlidir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR