İnternatlarda uşaqların sayı ilbəil azalır - ARAŞDIRMA

İnternatlarda uşaqların sayı ilbəil azalır - <font color=red>ARAŞDIRMA</font>
# 26 yanvar 2011 10:03 (UTC +04:00)
Bəlkə də sıravi Azərbaycan vətəndaşına adı qəliz görünən proqramın əsas məqsədi dövlət uşaq müəssisələrində olan uşaqların ailələrə verilməsi, alternativ qayğının təşkili mexanizmlərinin yaradılması və səmərəli işləməsini təmin etməkdən ibarətdir. Proqramın səmərəli icrasını təmin etmək üçün ötən il Təhsil Nazirliyinin nəzdində De-institutlaşma və Uşaqların Müdafiəsi İdarəsi də yaradılıb.

Hər bir uşağın ailə mühitində xoşbəxt yaşamaq, qayğı və sevgi ilə əhatə olunmaq haqqı var. Elə isə onların bu hüququnu təmin edən İNTERNATSIZ Azərbaycan nə zaman yaradılacaq?

Azərbaycanda dövlət uşaq müəssisələrinin yaranması 1930-cu illərin əvvəlinə təsadüf edir. Həmin il ölkədə 2 uşaq müəssisəsi, yəni, bir uşaq evi və fiziki sağlamlıq imkanları məhdud olan uşaqlar üçün bir internat məktəbi tikilib. Bunlar Şəki qarışıq tipli uşaq evi və Bakıda yerləşən 1 saylı körpələr evidir. Dövlət uşaq müəssisələri ən çox 1960-65-ci illərdə tikilib. Məhz bu 5 il ərzində ölkədə 24 dövlət uşaq müəssisəsi tikilib ki, bunlardan da 15-i ümumtəhsil internat məktəbi olub. Ölkədə son dəfə 2005-ci ildə Sumqayıt şəhərində General M. Əsədov adına orta ümumtəhsil məktəbinin bazasında internat məktəbi yaradılıb. Dövlət uşaq müəssisələrində qiymətləndirmənin keçirildiyi 2008-ci ildən bu yana ölkədə mövcud olan 55 uşaq müəssisəsindən 9-u transformasiya olunaraq ümumtəhsil məktəbinə çevrilib. Dövlət uşaq müəssisələrindən 3-ü Səhiyyə Nazirliyinin (SN) tabeliyində olan 2 körpələr evi və bir psixo-nevroloji uşaq evi, 2-si Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyində olan internat evləri, 41-i isə Təhsil Nazirliyinin (TN) tabeliyində olan ümumtəhsil internat məktəbləri, valideyn himayəsindən məhrum olan uşaqlar üçün internatlar, sağlamlıq imkanları məhdud olan uşaqlar üçün internat məktəbləri və 6 uşaq evidir.

46 dövlət uşaq müəssisəsində 9874 uşaq

Təhsil Nazirliyinin De-institutlaşma və Uşaqların Müdafiəsi İdarəsinin (DUMİ) rəisi Məlahət Hacıyeva APA-ya bildirib ki, nazirliyin nəzdində dövlət uşaq müəssisələrində yaşayan uşaqlar barədə daim yenilənən məlumat bazası yaradılıb. Hazırda 46 dövlət uşaq müəssisəsində 9874 uşaq təlim-tərbiyə alır. Onlardan 6014 nəfəri yalnız təhsil alır. Qalan 3860 nəfəri müəssisədə təhsil alır və gecələyir. Bu uşaqların müəssisədə gecələməsinə baxmayaraq, onların 86 faizi müəssisəyə müvəqqəti yerləşdirilmiş uşaqlardır, yəni bu uşaqların bioloji ailələri ilə əlaqələri var. Hər şənbə-bazar günü evə gedənlərin sayı 1356, hərdənbir evə gedənlərin sayı 1914, daim müəssisədə yaşayıb evə getməyən uşaqların sayı isə 590 nəfərdir. Müəssisədə yaşayan uşaqların əksəriyyəti (3109 nəfər) 7-16 yaş arasında olanlardır. Müəssisədə gecələyən 3860 uşaqdan 1473 nəfərinin sağlamlıq imkanları məhduddur. M. Hacıyevanın sözlərinə görə, son illər müəssisələrdəki uşaqların sayında azalma müşahidə olunur. Belə ki, dövlət uşaq müəssisələrində gecələyən uşaqların sayı 2008-ci ildə 4055, 2009-cu ildə 3945, 2010-cu ildə isə 3860 nəfər olub.

Uşaqların 47,5 faizi aztəminatlılıq üzündən dövlət uşaq müəssisələrinə verilib

M. Hacıyevanın sözlərinə görə, ötən il dövlət uşaq müəssisələrinə uşağını yerləşdirməklə bağlı valideynlər tərəfindən 300 müraciət daxil olub. Lakin İdarə bu müraciətlərin heç də hamısını müsbət cavablandırmayıb: “Valideyn himayəsindən məhrum olan uşaqların internat məktəblərinə göndərilməsinə sərəncam icra hakimiyyəti başçısı tərəfindən verilir. Biz onlarla da iş apararaq başa çalırıq ki, uşaqlar yalnız son çarə olaraq internat məktəblərinə yönəldilməlidir. İcra Hakimiyyəti sərəncam versə belə, biz hər sərəncamı kor-koranə icra etmirik. Mütləq ilk olaraq uşağın müəssisəyə düşmə səbəbləri araşdırılır, valideynlə görüş keçirilir. Çalışırıq valideynə kömək edək ki, o uşaq müəssisəyə düşməsin. İlk təklif etdiyimiz ünvanlı sosial yardımların verilməsi olur. Valideynlərin əksəriyyəti hüquqlarını və qanunları bilmədiyindən belə yardımlar üçün müraciət edə də bilmirlər. Uşaq müəssisələrinə düşən uşaqların 47,5 faizi aztəminatlılıq üzündən bu müəssisələrə yerləşdiriliblər. Ötən il ƏƏSMN-in yardımı ilə 28 uşağın aid olduğu 15 ailəyə ünvanlı sosial yardımın verilməsi məsələsini həll etmişik. Bununla da onların internatlara düşməsinin qarşısını almışıq. Hansı ki, icra başçıları bu uşaqların müəssisələrə düşməsi ilə bağlı artıq sərəncam vermişdilər. Hətta hansısa uşağın internata düşməsinin qarşısı alındıqdan sonra belə o ailə uzun müddət nəzarətdə saxlanılır. Çünki bu ailələr sonradan yenə problemlə üzləşə bilərlər. Ailənin özü ilə olmasa da, bizdən sonra hansı təşkilat onlara kömək edirsə, onlarla maraqlanırıq, biznes strukturları da bu prosesə cəlb olunur”.

İnternatlardakı uşaqlarını geri almaq istəyən valideynlər nə etməlidirlər?

M. Hacıyeva deyir ki, valideyn himayəsindən məhrum olan uşaq müəssisədən çıxırsa, bu da mütləq icra hakiminin verdiyi rəy əsasında olmalıdır. Çünki icra hakiminin uşağın müəssisəyə yerləşdirilməsi ilə bağlı verdiyi sərəncam ləğv olunmalı, bu uşağın müəssisədən çıxması üçün rəy verilməlidir. Bunlar hamısı yeni prosedurlardır. Valideyn uşağını internatdan götürmək üçün De-institutlaşma və Uşaqların Müdafiəsi İdarəsinə müraciət etməlidir: “Biz həmin müraciəti rayon icra hakimiyyətinə ünvanlayırıq. İcra hakimiyyətinin müvafiq komissiyasının əməkdaşı ilə bizim əməkdaşlar polisin iştirakı ilə həmin ailəyə baxış keçirirlər. Baxırıq ki, həqiqətən də bu uşağı evə vermək olar, yoxsa yox. Doğrudanmı ailənin gəliri uşağa baxmaq üçün kifayət edir? Müəssisələrdə hər cür problemi olan ailələrdən olan uşaqlar var. Bəlkə valideyn uşağı internatdan götürüb onun əməyini istismar etmək istəyir? Bütün bu faktlar araşdırılır. Doğrudan da bu uşağın ailəyə verilməsi uşağın hüququnu pozmayacaqsa, o uşaq ailəyə verilir və mütləq uşağın təhsil alacağı məktəb müəyyənləşdirilir. Bizim işçi həmin uşağın təhsil alacağı məktəbə sənədlərin verilməsinə qədər prosesdə iştirak edir. Bütün bu məlumatlar toplanandan sonra icra başçısı yenidən sərəncam verir, uşaq evə qaytarılır, uşağın müəssisəyə yerləşdirilməsi ilə bağlı əvvəlki sərəncam qüvvədən düşmüş hesab edilir. Hazırda uşağın evə verilmə proseduru bu qayda ilə aparılır”.

Ötən il 8 uşağın internatlardan valideyninə verilməsindən imtina olunub

M. Hacıyeva deyib ki, dövlət uşaq müəssisələrindən 2010-cu ildə 15 uşaq evə verilib. Lakin idarənin valideynlərin öz övladlarını götürməsindən imtina etdiyi hallar da olub: “2010-cu ildə 8 belə hal baş verib. Belə hal olub ki, övladlığa götürmək üçün uşağın xalası müraciət edib. Araşdırma aparanda məlum olub ki, həmin uşağın anası uzun illər ruhi-əsəb dispanserində qeydiyyatda olan və davamlı müalicə alan xəstədir. Belə halda təklif edirik ki, anadan qəyyumluğu götürüb xalaya verək. Bu halda xala imtina edib. Belə hal da olub ki, internatda yaşayan 3 qız uşağının atası onları ailəyə qaytarmaq üçün müraciət edib. Uşağın müəssisəyə düşmə səbəbini araşdıranda görmüşük ki, həmin uşaqlar məhz atalarının içki düşkünü olması və onları döyməsinə görə müəssisəyə düşüblər. Belə halda biz həmin ataya o uşaqları necə qaytara bilərik?”.

Hazırda qeydiyyatda övladlığa uşaq götürmək istəyən 210 nəfər var

Azərbaycan Nazirlər Kabinetinin 172 saylı qərarına əsasən, 3-18 yaş arası uşaqların mərkəzləşmiş qeydiyyatı Təhsil Nazirliyi tərəfindən həyata keçirilir. İdarə rəisi deyib ki, hazırda dövlət uşaq müəssisələrində yaşayan, övladlığa verilməsi mümkün olan uşaqların qeydiyyatı aparılır: “İdarə yaranandan sonra bu uşaqlarla bağlı bütün məlumatlar rəngli şəkilləri ilə birgə həmin bazaya daxil edilib. Bundan əlavə, övladlığa uşaq götürmək istəyən şəxslərin siyahısı hazırlanıb. Bu prosesdən əvvəl isə biz icra hakimiyyətlərinə müraciət etdik. Çünki övladlığa uşaq götürmək istəyən şəxslərin ilkin qeydiyyatı onlar tərəfindən aparılır. Araşdırma zamanı övladlığa uşaq götürmək istəyən xeyli valideyn həmin siyahıdan çıxarıldı. Yəni artıq onlar Səhiyyə Nazirliyin xətti ilə və ya qohumlarından uşaq götürməklə bu problemi həll ediblər. Hazırda qeydiyyatda övladlığa uşaq götürmək istəyən 210 nəfər var. 26 nəfər isə övladlığa veriləsi uşaq var. Bu uşaqlar tam kimsəsiz, rəsmi imtina edilmiş, atılmış uşaqlardır. Bu uşaqların 17-si 14-17 yaş arası, 9-u isə 5-11 yaş arası sağlamlıq imkanları məhdud uşaqlardır”. M. Hacıyevanın sözlərinə görə, öncə övladlığa uşaq götürmək istəyən şəxs həmin siyahı ilə tanış edilir. Əgər həmin siyahıda o şəxsi qane edəcək uşaq varsa, proses davam etdirilir. Dövlət uşaq müəssisəsindən uşağın sənədləri alınır, hazırlanır, məhkəməyə təqdim edilir: “Məhkəmə prosesində idarənin əməkdaşı da iştirak edir. Bizə müraciət edənlərin 99 faizi ancaq 3-6 yaş arası uşaqlar istəyirlər”.

Son 6 ay ərzində Təhsil Nazirliyinin xətti ilə 14-17 yaş arası 8 uşaq övladlığa verilib

İdarə rəisinin sözlərinə görə, son 6 ay ərzində Təhsil Nazirliyinin övladlığa götürülən uşaqların mərkəzləşdirilmiş siyahısında olan 14-17 yaş arası 8 uşaq övladlığa verilib: “İlk dəfədir ki, 14-17 yaş arası bu qədər uşaq övladlığa verilir. Çünki müraciət edənlərin özləri də 3-6 yaş arası uşaq istəyirdi. Bizim işçilərin əksəriyyəti psixoloqdur. Həmin şəxslərlə aparılan söhbətlər bəhrəsini verdi. Övladlığa verilən uşaqların 1-i qız, 7-si oğlandır. Nazirlik tərəfindən icra hakimiyyətlərinin Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyaları ilə birlikdə övladlığa, himayəyə və öz bioloji ailələrinə verilmiş uşaqlara nəzarətin təşkili və onların vəziyyətinin dövri monitorinqinin aparılması həyata keçirilir. Dekabr ayında həmin uşaqların vəziyyətinin növbəti monitorinqi keçirilib. Düzdür, bizdə övladlığa verilmə sirri gizli saxlanılır, amma bu elə bir yaş dövrüdür ki, onlar artıq övladlığa verildiklərini bilirlər. Allaha şükür ki, onlar tam qayğı və sevgi ilə əhatə olunublar”.

İnternatlardakı uşaqların bir qisminin ümumiyyətlə sənədi yoxdur

Hazırda ən böyük problemlərdən biri də müəssisələrdə yaşayan müəyyən uşaqlara doğum haqqında şəhadətnamənin alınmasıdır. Bu uşaqlara həmin müəssisənin rəhbərləri sənəd ala bilmirlər. Çünki o uşaqların ümumiyyətlə anadan olma faktı qeydiyyata düşməyib. Bu uşaqları İdarə əməkdaşları tərəfindən ekspertizaya aparılır, onların yaşı müəyyən edilir, dünyaya gəlməsi ilə əlaqədar olan hansısa şəxs tapılır. Ədliyyə Nazirliyinin dəstəyi ilə 2009-cu ildə 33 uşağa, 2010-cu ildə isə 31 uşağa doğum haqqında şəhadətnamə alınıb. Daxili İşlər Nazirliyi ilə sıx əməkdaşlıq çərçivəsində küçə həyatı yaşayan 10 uşağın təhsilə cəlb edilməsi və təhlükəsizliyinin təmin edilməsi məqsədilə dövlət uşaq müəssisələrinə yerləşdirilməsi üçün müvafiq tədbirlər görülüb. Küçə həyatı yaşayan 9 uşaq “Ümid Yeri” xeyriyyə cəmiyyətinin sığınacağından, 5 uşaq isə Azərbaycan Uşaq Birliyi təşkilatı tərəfindən Təhsil Nazirliyinə yönəldilib və dövlət uşaq müəssisələrinə yerləşdirilib.

Hazırda məhkəmələrdə 4 uşaqla bağlı valideynlik hüququndan məhrum edilmə məsələsinə baxılır

M. Hacıyevanın sözlərinə görə, hazırda dövlət uşaq müəssisələrində 590 uşaq var ki, onların ümumiyyətlə evlə, ailə ilə heç bir əlaqəsi yoxdur. Onların əksəriyyətinin valideynləri sağdır, lakin bir dəfə də olsun öz uşaqlarına baş çəkmirlər: “Çünki nə imtina kağızı, nə valideynin ölməsi barədə hər hansı şəhadətnamə var. Bu valideynlər valideynlik hüququndan məhrum olmalıdırlar. Artıq həmin valideynlərin axtarılması ilə bağlı sorğular göndərmişik. Çünki məhkəmədə bu məsələni qaldırmaq üçün əsasımız olmalıdır. Qanunvericiliyə əsasən, əgər valideyn 6 ay ərzində uşağı ilə maraqlanmırsa, artıq həmin uşağın rəsmi qəyyumu dövlət uşaq müəssisəsinin rəhbəridir. O artıq bununla bağlı məhkəmədə iddia qaldıra bilər. Hazırda məhkəmələrdə 4 uşaqla bağlı valideynlik hüququndan məhrum edilmə məsələsinə baxılır”.

Problemdən çıxış yollarından biri də himayədar qayğı sisteminin və alternativ xidmətlərinin yaradılmasıdır

İdarə rəisi problemdən çıxış yollarından birinin də ölkədə himayədar qayğı sisteminin və alternativ xidmətlərinin yaradılmasında görür. Qeyd edək ki, Təhsil Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və UNİCEF-lə birgə imzalanan “Anlaşma Memorandumu”na əsasən, Suraxanı və Xəzər rayonlarında uşaqların müdafiəsini tam təşkil etmək üçün pilot layihəyə başlanılıb. Hazırda dövlət uşaq müəssisələrinin nəzdində alternativ xidmətlər - günərzi qayğı mərkəzləri yaradılır. Artıq Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən beş günərzi qayğı və reabilitasiya-inkişaf mərkəzlərinin xidmətlərinə cəlb olunan 268 uşağın dövlət uşaq müəssisələrinə yerləşdirilməsinin qarşısı alınıb. Bu il UNİCEF tərəfindən üç belə müəssisənin nəzdində günərzi qayğı sisteminin yaradılması nəzərdə tutulur.
Hazırda Azərbaycanda himayədar (foster) qayğı sisteminin də yaradılmasına başlanılıb. Bununla bağlı İdarənin Avstriyanın “Hilfsverk Avstriya” təşkilatı ilə birgə layihəsi həyata keçirilir: “Layihə Avropa Komissiyasına təqdim edilib və qəbul olunub. Hazırda Xəzər rayonu pilot rayon kimi seçilib. Bu elə bir qayğı sistemidir ki, orada uşaq himayədar ailədə yaşayacaq və həmin ailələrin də bir sıra öhdəlikləri olacaq. Uşaq yetkinlik yaşına çatana qədər həmin ailələrdə tərbiyə olunacaq. Yetkinlik yaşına çatdıqdan sonra isə həmin ailənin uşaq üzərində himayədarlığı bitmiş olacaq. Layihə çərçivəsində himayədar ailələrin və uşaqların seçim meyarları, himayədar ailələrin maliyyələşdirmə mexanizmləri hazırlanacaq. Xəzər rayonu ərazisindəki internat məktəblərində yaşayan və övladlığa verilməsi mümkün olmayan, himayədar ailələrə veriləcək 50 uşaq və 50 himayədar ailə seçiləcək. Himayədar qayğı ilə bağlı model işlənərkən kiçik qrup evlərinin yaradılması da nəzərdə tutulur. Artıq bu evlərin nizamnaməsi də hazırlanıb. Bu evlər yaşına və cinsinə görə seçim əsasında təşkil olunacaq”.

İnternatlardakı uşaqların müdafiəsi ilə bağlı lazımi strukturları yaratmadan onları kütləvi şəkildə ailələrə vermək yanlış addım olardı

Uşaq Hüquqları Klinikasının direktoru Nazir Quliyev APA-ya bildirib ki, qanunvericilik təkmilləşdirilmədən, müəyyən strukturlar yaradılmadan uşaqların ailələrə qaytarılması pis nəticə verə bilər: “Bir sıra ölkələrdə də belə hallar baş verib ki, bu proqram icra olunmağa başlayandan sonra uşaq əməyinin istismarı, uşaqlara qarşı cinsi və fiziki zorakılıq, onların küçələrə düşməsi statistikası çoxalıb. Mövcud durum ondan ibarətdir ki, bu il ərzində uşaqların ailələrə verilməsi ilə bağlı qanunvericiliyə bir sıra dəyişikliklərin edilməsi, himayədar ailələrin, ailə tipli evlərin və uşaqlara xidmət göstərən digər strukturların yaradılması nəzərdə tutulur. Bu il ilk himayədar ailələrin yaradılması üçün Xəzər və Suraxanı rayonları pilot rayonlar seçilib. İnternatlarda yaşayan valideyn himayəsindən məhrum uşaqlar üçün himayədar ailələrin yaradılması və valideynləri olan uşaqların ailələrinin ehtiyaclarının ödənilib ailə büdcələrinin gücləndirilməsi lazımdır. Bu prosesə hazır olmadan uşaqların kütləvi şəkildə ailələrə verilməsi yanlış addım olardı. Dövlət Proqramında nəzərdə tutulur ki, uşaqları götürən ailələrin problemləri həll olunsun, mənzilləri təmir edilsin, onlara sosial müavinətlər verilsin. Bunları heç biri olmursa, proqramı necə həyata keçirmək olar? Hazırda qanunvericilikdə belə güzəştlər yoxdur”.

İnternatlardan ailələrə verilən uşaqların sonradan insan alverinin qurbanına çevrilməsi təhlükəsindən danışan N. Quliyev deyib ki, bunun üçün ən vacib məqam insanların məlumatlandırılmasıdır. İkinci əsas məqam ondan ibarətdir ki, insan alverinin qurbanları çox vaxt maddi çətinlik üzündən bu yola düşürlər. İnternatları tərk edən uşaqların müəyyən problemləri var. Onların insan alveri qurbanı olması ilə bağlı dəqiq rəqəmlər olmasa da, onlar risk qrupuna aid edilirlər. Azərbaycanda 1999-cu ildə “Valideyn himayəsindən məhrum olan uşaqların sosial müdafiəsinin gücləndirilməsi” ilə bağlı qanun qəbul olunub. Həmin qanunun icrası ilə bağlı çoxlu problem mövcuddur: “Ciddi nəzarət mexanizmi olmalıdır. Xarici ölkələrdə övladlığa verilən uşaqlar üzərində ciddi nəzarət mexanizmi olur. Azərbaycanda da belə monitorinq qrafiki olmalıdır ki, uşaqlar taleyin ümidinə buraxılmasın. Bizdə övladlığa götürülmə sirrinin yayılmaması şərti ilə bu nəzarət təşkil edilməlidir. Biz qanunvericiliyə bu dəyişikliyi təklif etmişik ki, övladlığa uşaq götürmək istəyən ailə ilə həmin uşaq arasında 6 ay sınaq müddəti olsun. Həmin müddətdə ailə uşaqla ünsiyyət qura bilsin. Çünki Azərbaycanda təcrübə olub ki, onlar övladlığa uşaq götürüblər, çox qısa müddətdən sonra uşağın geri qaytarılması halı baş verib. Digər tərəfdən övladlığa uşaq götürülməsi ilə bağlı prosedurlar sadələşdirilməlidir”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR