Rasim Əliquliyev: “İnternetin yaranması yalnız Azərbaycanda deyil, bütün dünyada fərdi məlumatlarla bağlı təhlükənin yaranmasına səbəb olur”

Rasim Əliquliyev: “İnternetin yaranması yalnız Azərbaycanda deyil, bütün dünyada fərdi məlumatlarla bağlı təhlükənin yaranmasına səbəb olur”
# 28 yanvar 2011 10:13 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva-APA. Bu gün Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) İnformasiya Texnologiyaları İnstitutunda 28 yanvar – Fərdi Məlumatların Mühafizəsi Gününə həsr olunmuş elmi seminar keçirilib. APA-nın məlumatına görə, institutun direktoru Rasim Əliquliyev bildirib ki, bu gün Avropa Şurasının 1981-ci il yanvarın 28-də fərdi məlumatlarla bağlı qəbul etdiyi konvensiya əsasında həyata keçirilir.
Azərbaycan da Avropa Şurasının üzvi olduğu üçün onun tərəfindən qəbul edilmiş bu konvensiyanı dəstəkləyir.

İnstitut direktorunun sözlərinə görə, 1990-cı ilin ortalarından fərdi məlumatlarla bağlı Azərbaycanda araşdırmalara başlanılıb, 2000-ci ilin əvvəlindən isə fərdi məlumatlarla bağlı məsələyə daha diqqətlə yanaşılıb. Ötən il isə Azərbaycanın Milli Məclisi tərəfindən “Fərdi məlumatlar haqqında” qanun qəbul edilib: “Artıq müvafiq orqanlar, xüsusilə də Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin qarşısında məsələ qoyulub ki, Azərbaycanda fərdi məlumatlarının toplanılması, istifadəsi, emalı, mühafizəsi ilə bağlı dövlət tənzimlənməsinin həyata keçirilməsi üçün işlər görsün. Bu, ölkəmiz üçün yenilik olsa da, bunu tam təzə iş saymaq olmaz. Çünki fərdi məlumatlar insanların fəaliyyətində həmişə olub. İnsanların doğum günündən axirət gününədək olan fərdi məlumatları müxtəlif dövlət orqanlarında olur. Bu məlumatlar insanların səhhəti, hansısa bir vəziyyəti və sairə ilə bağlıdır”.

R. Əliquliyev deyib ki, beynəlxalq cinayətkarlığın daha da genişləndiyi bir dövrdə fərdi məlumatların toplanılması məsələsi çox təhlükəlidir. Fərdi məlumatlar əsasında insanların bank hesabına, sahibkarlıq fəaliyyətinə, müxtəlif mülkiyyət reyestrlərinə çıxış imkanı əldə edilir: “İnternetin inkişafı yalnız Azərbaycanda deyil, bütün dünyada fərdi məlumatlarla bağlı təhlükənin yaranmasına səbəb olur. Bu təhlükə düşünülməyən yerdən yaranır. Bütün bunların hamısı fərdi məlumatların nə dərəcə təhlükəli olduğunu göstərir”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR