Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində kollegiya iclası keçirilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində kollegiya iclası keçirilib
# 28 yanvar 2011 10:58 (UTC +04:00)
Bakı - APA-Economics. Bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) 2010-cu ilin yekunlarına və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş kollegiya iclası keçirilib.

Nazirliyin ictimaiyyətlə əlaqələr sektorundan “APA-Economics”ə verilən xəbərə görə, iclası giriş sözü ilə açan nazir Fizuli Ələkbərov bildirib ki, ölkə əhalisinin sosial müdafiəsinin gücləndirilməsi, bütün sosial məsələlərin vaxtında və yüksək səviyyədə həllini tapması ilə bağlı prezident İlham Əliyevin qarşıya qoyduğu vəzifələrin reallaşması istiqamətində nazirlik tərəfindən görülən işlərin 2010-cu ildə də əzmlə davam etdirilib.

F.Ələkbərov əsas məqsədin dövlət qayğısının aztəminatlı vətəndaşlara daha layiqli səviyyədə, şəffaf və ədalətli, ünvanlılıq prinsipi əsasında çatdırılması olduğunu vurğulayıb.

İclasda ünvanlı dövlət sosial yardımının təyinatı, qeyri-məşğul vətəndaşların məşğulluğunun təminatı, əlillərin tibbi-sosial reabilitasiyası, iş yerlərində əmək qanunvericiliyinin tətbiqinə dövlət nəzarətinin həyata keçirilməsi və digər sahələrdə görülən işlər, həmçinin qarşıda duran vəzifələr geniş müzakirə olunub və struktur rəhbərlərinə müvafiq tapşırıqlar verilib.

Bildirilib ki, 01 yanvar 2011-ci il tarixinə olan məlumata əsasən, ölkəmizdə 552 514 nəfər ailə üzvünü əhatə edən 122 781 aztəminatlı ailə dövlətdən ünvanlı sosial yardım alır. Hər ailəyə ödənilən yardımın orta aylıq məbləği 108,54 manat, bir ailə üzvünə düşən orta aylıq yardımın məbləği isə 24,12 manat təşkil edir. Ünvanlı sosial yardım təyin olunan ailələrdən 48 675 mini tərkibində 3 və daha çox uşaq olan ailələrdir ki, bu da yardım alanların 39,6%-ni təşkil edir. Ünvanlı sosial yardım təyin olunan ailələrdən 95,8%-i vəsaiti plastik kart vasitəsilə alır.

2010-cu ildə əvvəlki illə müqayisədə orta hesabla 899 nəfər və ya 0,2 faiz çox vətəndaşa, yəni orta hesabla 397 388 nəfərə aylıq və birdəfəlik sosial müavinət təyin olunaraq ödənilib. Dövlət başçısının “Aztəminatlı əhalinin sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” fərmanına əsasən, ölkəmizdə 340 405 nəfərin aylıq və birdəfəlik sosial müavinətlərinin məbləği 1 sentyabr 2010-cu il tarixdən orta hesabla 12 faiz artırılıb. Ümumiyyətlə, görülən tədbirlər nəticəsində sosial müavinətlərin orta aylıq məbləği 2006-cı illə müqayisədə 2,2 dəfə artırılaraq 46,2 manata çatdırılıb.

Ölkəmizin ərazi bütövlüyü və Konstitusiya quruluşu uğrunda fiziki sağlamlığını itirmiş vətəndaşların və şəhid ailələrinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə nazirlik tərəfindən 2008-ci ildə 396 mənzil, 2009-cu ildə bundan təxminən iki dəfə artıq - 707 mənzil inşa etdirilib. 2010-cu ildə mənzil tikintisi yüksək templə davam etdirilib və tikinti planı üzrə 715 mənzil inşa olunub. Nəticədə bu vaxtadək dövlət hesabına mənzillə təmin olunmuş əlil və şəhid ailələrinin sayı 3600-ü ötüb.

Əlillərin minik avtomobilləri ilə təminatı işləri davam etdirilib, 1998-ci ildən 2010-cu ilin sonuna kimi ölkəmizə əlillər üçün 2940 ədəd «OKA» və «Slavuta» markalı avtomaşınlar gətirilib və növbədə olan müharibə əlillərinə təqdim olunub. O cümlədən bu avtomobillərin 352 ədədi ötən il gətirilərək Qarabağ müharibəsi və Böyük Vətən müharibəsi əlillərinə paylanıb. Cari ildə də əlillər üçün avtomaşınların gətirilməsi planlaşdırılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR