AMEA İnformasiya Texnologiyaları İnstitutunun direktoru Rasim Əliquliyev: “Ermənistanla informasiya müharibəsində Azərbaycan öndədir”

AMEA İnformasiya Texnologiyaları İnstitutunun direktoru Rasim Əliquliyev: “Ermənistanla informasiya müharibəsində Azərbaycan öndədir”
# 04 fevral 2011 14:40 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva-APA. “Ermənistanın nə etməsinə baxmayaraq, hazırda aparılan informasiya müharibəsində Azərbaycanın öndədir”. Bu fikirləri APA-ya açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının İnformasiya Texnologiyaları İnstitutunun direktoru Rasim Əliquliyev deyib. Onun sözlərinə görə, artıq internetdə ölkəmizin marağını əks etdirən, Azərbaycana qarşı aparılan informasiya müharibəsinə qarşı çoxlu veb-saytlar yaranıb. Bu veb-saytların yaranmasına yalnız dövlət qurumları deyil, biznes qurumları, QHT-lər, gənclər də qoşulub: “Xocalı faciəsi ilə bağlı saytlar son zamanlar daha da aktiv olub. Bu işə dövlət və Heydər Əliyev Fondu tərəfindən böyük qayğı göstərilir”.

R. Əliquliyev bildirib ki, Azərbaycanda artıq insanlar virtual məkanı formalaşdırmaq yollarını, bunun üçün hansı veb-saytlardan daha yaxşı istifadə etməyin lazım olduğunu bilirlər: “Bununla yanaşı, internet istifadəçilərinin sayı çox yüksək həddə çatıb, ölkə əhalinin 50 faizə yaxını internet istifadəçisidir. www.facebook.com, www.youTube.com, www.wikipedia.orq, www.twitter.com kimi sosial şəbəkələrdə azərbaycanlıların sayı getdikcə artır. Bu da sevindiricidir, çünki virtual məkanda Azərbaycan yaxşı təmsil olunur. Bir tərəfdən, bu saytlar vasitəsilə Azərbaycanın maraqlarını təmsil etmək imkanı yaranır, digər tərəfdən isə boşluq aradan qaldırılır ki, bizim düşmənlərimiz Azərbaycan dəyərlərinə öz əllərini uzada bilməsinlər. Azərbaycanla bağlı məlumatların genişləndirilməsi, onların başqa dillərə çevrilməsi bizə ediləcək hansısa informasiya həmlələrinə qarşı dözüm yaradır”.

R. Əliquliyev deyib ki, bir vaxtlar ermənilər boş domenləri “azərbaycanlaşdıraraq” onların vasitəsilə Azərbaycana qarşı əks-təbliğat apara bilirdilərsə, artıq bu vəziyyət də Azərbaycanın xeyrinə dəyişib: “Bu istiqamətdə, yəni domenləri götürmək və onları Azərbaycanın maraqlarına uyğunlaşdırmaq baxımından da vətəndaşların savadlılıq səviyyəsi artır. Son zamanlar Azərbaycanın dəyərlərini özündə əks etdirən çox mühüm domenlər Azərbaycan vətəndaşları tərəfindən götürülüb və istifadə edilir. Bu boşluq get-gedə aradan qaldırılır”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR