“Kommunal sektorda istehlakçı hüquqlarının qorunmasına yardım göstərilməsi” layihəsi çərçivəsində növbəti tədbir keçirilib

“Kommunal sektorda istehlakçı hüquqlarının qorunmasına yardım göstərilməsi” layihəsi çərçivəsində növbəti tədbir keçirilib
# 07 fevral 2011 10:39 (UTC +04:00)
Bakı. Ramil Məmmədli-APA. Korrupsiyaya Qarşı Mübarizə üzrə QHT-lərin Məlumat və Əməkdaşlıq Şəbəkəsi “Kommunal sektorda istehlakçı hüquqlarının qorunmasına yardım göstərilməsi” layihəsi çərçivəsində növbəti tədbir keçirilib. APA-nın məlumatına görə, tədbirdə “Qaztəchizatı müəssisəsi ilə məişət abonenti (əhali) arasında təbii qazın alqı-satqısının birtipli Müqavilə”sinin, “İçməli su təchizatı və çirkab suların axıdılması müəssisəsi ilə məişət abonenti (əhali) arasında xidmətlərin göstərilməsinə dair birtipli Müqavilə”sinin, “Enerjitəchizatı müəssisəsi ilə məişət abonenti (əhali) arasında elektrik enerjisinin alqı-satqısının birtipli Müqavilə”sinin yeni variantları, “www.istehlakci.az” saytı, o cümlədən layihə çərçivəsində nəzərdə tutulan “Pulsuz Hüquqi Yardım” xidmətinin təqdimatı da keçirilib.

Şəbəkənin koordinatoru, şəbəkə proqram çərçivəsində hazırlanmış “Konstitusiya” Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev bildirib ki, şəbəkə ekspertləri tərəfindən hazırlanan müqavilələrin məqsədi kommunal sektorda istehlakçı hüquqularının daha etibarlı müdafiəsi, istehlakçı və təchizatçı müəssisənin hüquqları və məsuliyyəti arasında tarazlıq yaradılması, əhaliyə göstərilən kommunal xidmətlərin keyfiyyətinin yüksəldilməsidir. Ə. Nuriyev qeyd edib ki, hazırda kommunal xidmət sektorunda çatışmamazlıqlar mövcuddur: “Bu yaxınlarda kommunal sektorda fəaliyyəti tənzimləyən qanunvericiliyin ümumilikdə təkmilləşdirilməsi ilə bağlı Təkliflər Paketi də ictimaiyyətə və əlaqədar dövlət qurumlarına təqdim ediləcək”.

Şəbəkənin informasiya-kommunikasiya texnologiyaları üzrə eksperti Nicat Rzayev “www.istehlakci.az” saytını təqdim edib. Onun sözlərinə görə, vətəndaş saytda əhalinin elektrik enerjisi, təbii qaz və su ilə təminatı, istehlakçı hüuqularının qorunması ilə bağlı ona zəruri məlumatları asanlıqla əldə edə biləcək. Layihə koordinatorunun köməkçisi Zaur İbrahimov “Pulsuz Hüquqi Yardım” xidməti barədə məlumat verib. Bunun üçün vətəndaşlar - (+99412) 492 57 26 şəhər nömrəsinə zəng edə, [email protected] elektron ünvanına yaxud, AZ 1001 Bakı şəhəri M. Əfəndiyev, 7/24 ünvanına məktub yaza bilərlər. Vətəndaşlar www.istehlakci.az saytına daxil olaraq “Online müraciət” bölməsi vasitəsilə müraciət edə bilərlər. Layihənin eksperti Ələkbər Ağasıyev isə “Kommunal sektorda istehlakçı hüquqlarının qorunmasına yardım göstərilməsi” layihəsi çərçivəsində yeni müqavilə formaları barədə məlumat verib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR