Məleykə Abbaszadə: ““Mən nə edim ki, bizim idmançılar, estrada müğənniləri 100 baldan yuxarı nəticə göstərməyə qadir deyillər” - MÜSAHİBƏ

Məleykə Abbaszadə: ““Mən nə edim ki, bizim idmançılar, estrada müğənniləri 100 baldan yuxarı nəticə göstərməyə qadir deyillər” - <font color=red>MÜSAHİBƏ</font>
# 15 fevral 2011 08:42 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva - APA. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadənin APA-ya müsahibəsi

- Artıq 18 ildir ki, alternativ variantlarla sualları cavablandırmağa öyrəşən abituriyentlərə bu il ilk dəfə olaraq, açıq testlər də veriləcək. Sınaq imtahanlarında ilk dəfə sınaqdan keçirilən bu açıq suallara maraq necə olub?

- Açıq test sualına uşaqlar səhv cavab verdikdə biz onu cərimə kimi hesablamayacağıq. Çünki açıq suallarda abituriyent kiminsə səhv və ya düzgün cavabını köçürə bilməyəcək. Səhv cavablar hesablanmayacağı üçün uşaqlar bu suallara cavab verməyə daha çox meylli olmalıdırlar. Amma mənə maraqlı bir detal söyləyiblər. Yanvarın 23-də bizdə sınaq imtahanı keçirilib. Bu imtahanlarda 11 bölgədə 30 mindən çox abituriyent iştirak edib. İmtahanlarda nəzarətçi müəllimlər fikir veriblər ki, abituriyentlər açıq sualları cavablandırsalar da, onu “Cavab kart”larına köçürməyiblər. Abituriyentlər deyiblər ki, onları hazırlaşdıran müəllimləri açıq sualın cavabını “Cavab kartı”na köçürməməyi tapşırıblar. Uşaqlar bildiriblər ki, müəllimləri deyib ki, qoy, TQDK sınaq imtahanlarında görsün ki, abituriyentlər açıq suallara cavab verməkdə çətinlik çəkirlər, bəlkə bu sualları ləğv etsinlər. Təbii ki, biz buna fikir verməyəcəyik və bu yenilik tətbiq olunacaq. Hələlik yalnız Azərbaycan və rus bölməsində riyaziyyat fənni üzrə açıq testlər olacaq. Çünki riyaziyyat fənni bütün qruplarda var. Açıq testlər digər fənlər üzrə də olacaq. Amma təbii ki, bu, bir mərhələdə reallaşmayacaq.

- Dərsliklərdəki bəzi mübahisəli və ziddiyyətli məqamlar test tapşırıqlarının tərtibində çətinlik yaradırmı?

- Biz artıq 2011-ci il üçün “Abituriyent” jurnalının 1-ci sayını hazırlamışıq. Bu jurnalda qəbul proqramları ilə yanaşı, ənənəvi olaraq dərsliklərdə rast gəlinən səhvləri də qeyd etmişik. Orada dərsliklərdə səthi yazılan mövzuları göstəririk və abituriyentlərə həmin mövzuya aid materialları hansı vəsaitlərdən əldə etməli olduqlarını bildiririk. Artıq Təhsil Nazirliyi ilə belə razılıq əldə etmişik ki, dərsliklərdəki səhvlərə görə həmin mövzunu proqramdan bütünlüklə çıxarmayacağıq. Yalnız o mövzuya aid düzgün materialı dərc edəcəyik. Elə fənlər var ki, onların dərslikləri ilə bağlı problem yoxdur. Amma elə dərsliklər var ki, məsələn, “Biologiya” dərsliyi yaxşı vəziyyətdə deyil. Biz bunu nəzərə alaraq, abituriyentlərə kömək məqsədilə vəsaitlər çap etmişik.

- Bəzi özəl ali məktəblər bu tədris ilindən tətbiq olunan müstəqil maliyyələşdirmə mexanizmində iştirak etməkdən çəkiniblər. Məktəblərin bu prosesə cəlbini aktivləşdirmək üçün hansı tədbirlər görülməlidir?

- Məktəbləri aktivləşdirmək lazım deyil. Bu mexanizmə qoşulmayan özəl ali məktəblər faktiki olaraq, əvvəlcədən bəyan edirlər ki, onlar yüksək biliyi olan insanları öz məktəblərinə qəbul etmək istəmirlər. Yalnız pulu olan insanları qəbul etmək istəyirlər. Məsələ ondadır ki, özəl ali məktəblər yüksək ali təhsil vermək üçün yaranıbsa və buna qadirdirsə, onda o, özü bu prosesə qoşulacaq. Çünki yüksək təhsil vermək üçün tələbələr də müvafiq səviyyədə olmalıdırlar ki, lazımı bilikləri mənimsəyə bilsinlər, oxuduqları müddətdə akademik borcları olmasın. Amma ali məktəb “diplom vermək” biznesi qurmaq üçün yaranıbsa, təbii ki, onda həmin məktəbə bu prosesdə iştirak etmək heç lazım da deyil. Aşağı bal toplayan abituriyentlər ixtisas seçimi zamanı ərizələrində birinci yerdə özəl ali məktəblərin ixtisaslarını göstərirlər. Özəl məktəblərə o zaman gedirlər ki, dövlət ali məktəbinə qəbul oluna bilməyiblər. Düzdür, bu qayda Qafqaz Universitetinə aid deyil. Ərizələrində əvvəlcədən 1-ci yerdə Qafqaz Universitetini yazmağı nəzərdə tutan yüksək bal toplamış abituriyentlər var. Bunlar əsasən, türk liseylərinin məzunlarıdır. Bu məzunlar da kifayət qədər yüksək səviyyəli gənclərdir. Dünyada özəl ali məktəblər ona görə yaranıb ki, təhsilin daha yüksək səviyyədə saxlanılmasına dövlətin pulu kifayət etməyib. Varlı valideynlər uşaqlarının daha yaxşı təhsil almasını istədikləri üçün xaricdə özəl məktəblər yaradırdılar. Bizdə isə müəyyən özəl ali məktəblər ona görə yaranıb ki, aşağı bal toplayanlara haradasa formal ali təhsil almaq üçün hüquqi zəmin yaratsınlar. Misal üçün, Azərbaycan Beynəlxalq Universitetinin əsas məqsədi bu idi. Bu məktəb tələbə nə qədər çox gəlir-gəlsin, kim gəlir gəlsin, balından asılı olmayaraq, hamını qəbul etməyə çalışırdı, diplom da verirdi. Əsas o idi ki, pulunu versin, diplomunu alsın. Amma bunun üçün ali məktəb yaratmaq lazım deyil. Bunun əvəzində bir nəşriyyat təşkil etmək, orada diplom çap etmək və onu pulla satmaq olar.

- Hazırkı şəraitdə repetitorsuz ali məktəbə daxil olmaq olar?

- Elə uşaqlar, elə məktəblər var ki, orada təhsil alanlara repetitor lazım deyil. Çünki həmin məktəblərdə kifayət qədər yüksək səviyyəli müəllimlər dərs deyir. Valideyn 16 yaşlı uşağa ona görə repetitor tutur ki, o, proqramları yenidən mənimsəsin. Elə bir material yoxdur ki, abituriyent repetitorsuz onu əldə edə bilməsin. Bizim keçirdiyimiz sınaq imtahanları, video mühazirələr də tam imkan verir ki, oxumaq istəyən uşaq heç bir əlavə müəllim yanına getmədən məktəbə hazırlaşsın. Bu mühazirələri disk və flash-kartlara yükləyərək sonra internet olmayan kompüterdə dinləmək olar. Hesab edirəm ki, video-mühazirələr, eyni zamanda TQDK-nın bu il müxtəlif regionların müəllimlərinin iştirakı ilə keçirdiyi elmi-metodiki seminarlar 2011-ci ilin imtahan nəticələrinə müsbət təsir göstərəcək.

- Onda Azərbaycan valideynlərinin repetitora bu qədər üstünlük vermələrinin səbəbi nədir?

- Bunun kompleks səbəbləri var. Çox zaman bizdə valideynlər uşaqlarının ali məktəbə qəbul ola bilməyəcəyi qorxusundan özlərini sığortalamaq üçün onları repetitor yanına göndərirlər. Bizdə valideynlər özləri də uşaqlarının dərslə məşğul olub-olmadığını müxtəlif səbəblərdən yoxlaya bilmirlər. Uşağın yüksək səviyyəli təhsilə cəlb olunması ananın təhsilli olmağından çox asılıdır, çünki çox zaman ata bu prosesdən kənarda qalır. Ana özü də başa düşməlidir ki, uşaq nəyi oxuyur. V sinfədək valideynlər əsasən suallara cavab verə bilirlər, amma V sinifdən sonra onlar suallara cavab verməkdə çətinlik çəkilər. Biz müşahidə edirik ki, yüksək bal toplayanlar arasında ana və ya atası orta məktəb müəllimi olan uşaqların sayı daha çoxdur. Bu, artıq standartdır – belə abituriyentlərin ya anası orta məktəb müəllimi, atası mühəndis, ya da atası orta məktəb müəllimi, anası həkim olur. Bu, onu göstərir ki, valideynlər də övladlarının biliklənməsi prosesində iştirak edirlər.

- Bu ilin əlaçı məzunlarının 37 faizi yenə də attestat qiymətlərini qəbul imtahanlarında təsdiqləyə bilmədi. Şişirdilmiş qiymət probleminin aradan qalxması niyə belə ləng gedir?

- Artıq bir neçə ildir ki, əlaçıların sayı azalıb. Məktəblər artıq real əlaçıların da nəticələrini əlaçı kimi təqdim etmirlər. Bizdə yüksək bal toplayanlar arasında daha çox əlaçılar yox, orta balı 5 və 4,5 olanların sayı çoxdur. Bu, o deməkdir ki, artıq müəyyən məktəblərdə real əlaçılara da yüksək qiymət yazmaqdan qorxurlar. Bizdə əvvəlcə ümumi məzunların 3-4 mini əlaçı idi. İndi əlaçıların sayı kəskin azalıb, onların sayı 500-600 nəfər olub. Attestat qiymətlərində nəinki şişirtmək, azaltma problemi də var. Həm qiymətlərin şişirdilməsi, həm də azaldılması baxımından bu proses düzgün getmir. Ümumiyyətlə, əlaçı abituriyentlər iki qrup olmalıdır. Məsələn, əlaçıların 70-80 faizi 500-700, qalan hissəsi 500-300 bal toplamalıdır. Belə ola bilər, amma 0-100 bal toplayan əlaçı olmamalıdır. Attestat balı 4,5-5 olanlar isə daha çox 300-500 bal toplamalıdır. Amma biz görürük ki, 500-700 bal toplayanlar arasında attestat balı 4,5 -5 olan kifayət qədər abituriyent var. Ancaq əlaçılardan 0-100 bal toplayanlar da var. Bu halda məlum deyil ki, onlara “dörd”, “beş” qiyməti necə yazılıb.

- Sizcə, qiymətlərin şişirdilməsi və azaldılması probleminin əsas səbəbi nədir?

- Baxmayaraq ki, indi Azərbaycanda kütləvi şəkildə mərkəzləşdirilmiş test imtahanları keçirilir, orta məktəblərdə biliyin qiymətləndirmə kriteriləri tam işləmir. Bu attestat imtahanlarının nəticələrinə görə yalançı əlaçılar təmizlənməli idi. Bizdə birinci dəfə rus bölməsinin nəticələri 2007-ci ildə onlar üçün Azərbaycan dili üzrə imtahan keçirilməyə başlayanda təmizləndi. Nəticədə həmin il 0-100 bal nəticə göstərənlərin sayı kəskin azaldı, onlar əsas qəbul imtahanlarında iştirak edə bilmədilər. Çünki Azərbaycan dili imtahanı tamamilə təmiz keçirilir və qiymətləndirmə kriteriləri düzgündür. Bizim imtahanın məqsədləri ilə Təhsil Nazirliyinin keçirdiyi mərkəzləşdirilmiş test imtahanının məqsədləri fərqlidir və onların nəticələri arasında da böyük fərq var. Amma bizim sınaq imtahanlarının nəticələri ilə əsas imtahanın nəticələri arasında korrelyasiya (uyğunluq) əmsalı 0,8-dir. Yəni bu imtahanların nəticələri uyğunluq təşkil edir. Çünki imtahanlar eyni kriteri ilə yoxlanılır.

- Onda belə çıxır ki, mərkəzləşdirilmiş test imtahanlarının nəticələri real olmur?

- Bu sahə üzrə zəngin təcrübəsi olan bir təşkilat kimi, fikrimizcə, hələlik mövcud səviyyə qənaətbəxş deyil. Amma anlamaq lazımdır ki, bu proses çox mürəkkəbdir. Təkcə düzgün tərtib olunmuş testlər deyil, imtahanın keçirilmə prosesi, zalda olan mühit prosesin özünə çox mühüm təsir göstərir. Buraxılış imtahanlarında kifayət qədər köçürmə halları olur, imtahana mobil telefonlar keçirilir və s. İmtahanda təqdim olunan sualların düzgün qoyulması və variantın adekvat olaraq müəyyənləşdirilməsi çox vacibdir. Nazirliyin birinci ildə imtahanda istifadə etdiyi testlərin keyfiyyəti bizi qane etmədi. Ötən ilki testlərin keyfiyyəti isə əvvəlkilərlə müqayisədə çox fərqlidir. Təhsil Nazirliyi də artıq bu prosesi yaxşılaşdırmağa doğru gedir. Amma imtahanın özünün keçirilməsi, təşkilatı tədbirlər, auditoriyada olan mühit, köçürülmə hallarının qarşısının alınması üçün müəyyən tədbirlər – bu sahədə vəziyyət yaxşı deyil. Biz həm təşkilati, metodiki nöqteyi-nəzərdən, həm də imtahan nəticələrinin araşdırılmasında onlara kömək etməyə hazırıq. Onu da deyim ki, artıq 2 ildir ki, həmin imtahanların statistikasını aparırıq.

- Ali məktəbə aşağı balla daxil olmaqdansa, plan yerlərinin boş qalması daha yaxşı olmazmı? Zəif kadrların hazırlanmasına belə yüksək ehtiyac var?

- Elə ixtisaslar var ki, o sahəyə müraciət edənlərin sayı həmişə az olub. Məsələn, kənd təsərrüfatı ixtisasları. O sahə üzrə bizdə işçilərə tələbat var. Ona görə də biz məcbur oluruq ki, həmin ixtisaslara uşaqları daha az balla qəbul edək. Ali məktəblər özləri o uşaqları müəyyən səviyyəyə qaldıra bilərlər. Biz görürük ki, hazırkı Aqrar Universitet buna qadirdir. Fikir verin ki, Aqrar Universitetə keçid balları çox artıb, 300-400 bala yüksəlib. Texniki Universitet, Mingəçevir Politexnik Universiteti və digər universitetlərdə də keçid balları artıb. Amma elə universitetlər var ki, keçid balları azalıb. O universitetlərdə ki, keçid balları artıb, demək, orada normal proses gedir. O universitetlərdə ki, aşağı düşüb, proses normal getmir. Bizim hər il qəbulun nəticələrinə əsasən, açıqladığımız təhlili məlumat bir növ həmin məktəblər üçün siqnal olmalıdır. Onlar fikirləşməlidirlər ki, nə üçün aşağı bal toplayan uşaqları seçirlər. Belə məktəblər özləri başa düşməlidirlər ki, inkişaf etmək lazımdır. Əks halda, onlara yaxşı oxuyan uşaq gəlməyəcək. Təbii biz istəyərdik ki, ali məktəbə daxil olan bütün uşaqlar 300 baldan yuxarı nəticə göstərən olsun. Amma hələlik bunu əldə edə bilməmişik. Biz bunu yalnız arzu edirik, xüsusilə qabiliyyət tələb edən ixtisaslar üzrə. Mən nə edim ki, bizim idmançılar, estrada müğənniləri 100 baldan yuxarı nəticə göstərməyə qadir deyillər. Məşhurlaşıb, “Yeni ulduz”da nə isə qazandıqdan sonra “estrada müğənni”liyinə, yaxud hansısa başqa ixtisasa qəbul olmaq istəyirlər, amma balları aşağıdır. Bu, reallıqdır. Arzu edirik ki, bu ixtisaslara da balı yüksək olan insanlar getsin.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR