Azərbaycanın baş pediatrı: “Uşaqlar arasında “bağırsaq qripi”nə yoluxması halları olsa da, bu xəstəliklə bağlı təhlükəli vəziyyət yoxdur”

Azərbaycanın baş pediatrı: “Uşaqlar arasında “bağırsaq qripi”nə yoluxması halları olsa da, bu xəstəliklə bağlı təhlükəli vəziyyət yoxdur”
# 17 fevral 2011 12:40 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva-APA. “Uşaqların əhali arasında “bağırsaq qripi” adlanan rotavirus diareyasına yoluxma halları olsa da, hazırda ölkədə bu xəstəliklə bağlı nə epidemiya, nə də təhlükəli vəziyyət var”. Bunu APA-ya açıqlamasında Elmi Tədqiqat Pediatriya İnstitutunun direktoru, ölkənin baş pediatrı Nəsib Quliyev deyib. Onun sözlərinə görə, bu virusa yoluxan uşaqlarda bağırsaq əlamətləri, yəni ishal və diareya yaranır: “Bu da ikinci dəfə virusların bağırsaqlarda çoxalmasının nəticəsidir. Uşaqlar xəstəliyə yalnız hava-damcı yolu ilə xəstə insanlardan yoluxurlar. Böyüklər xəstə olduqda uşaqlardan maksimum uzaqlaşdırılmalıdır. Bəzən valideynlərin çoxu bunu dərk etmir və uşaqlarını qoruya bilmirlər”.

N. Quliyev deyib ki, rotavirus diareyası soyuqdəymə xəstəlikləri, yəni kəskin respirator virus infeksiyaları qrupuna aiddir. Bu xəstəliyə yoluxma halları ilin soyuq fəsillərində daha tez-tez baş verir. Baş pediatr deyir ki, bu xəstəliyə yoluxmuş uşaqlara kəskin respirator virus infeksiyası diaqnozu ilə tibb mütəxəssisləri tərəfindən müalicə təyin olunmalıdır: “Onlara bir qayda olaraq, antibiotik təyin edilmir, digər müalicə üsulları tətbiq edilir. Virus xəstəliyində antibiotikin istifadəsi əsaslı deyil”.

N. Quliyev bu xəstəlik müalicə olunmadığı təqdirdə onun fəsadlarının çox ola biləcəyini də söyləyib: “Kəskin respirator virus infeksiyalarının fəsadları çoxdur. Xəstə bu halda ikinçili bakterial infeksiya ilə rastlaşa, yuxarı tənəffüs yollarında, bağırsaqda bakterial mənşəli xəstəliklər baş qaldıra bilər. Bu virus infeksiyasının ən qorxulu cəhəti odur ki, bədənin immunitet qabiliyyətini müvəqqəti də olsa, çox azaldır. Buna görə də başqa bakterial infeksiyaların baş qaldırmasına şərait yaranır”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR