Millət vəkili Qənirə Paşayeva Türkiyədə və İsraildə Xocalı soyqırımına həsr olunmuş tədbirlərdə iştirak edəcək

Millət vəkili Qənirə Paşayeva Türkiyədə və İsraildə Xocalı soyqırımına həsr olunmuş tədbirlərdə iştirak edəcək
# 19 fevral 2011 12:38 (UTC +04:00)
Bakı-APA. Azərbaycan Milli Məclisinin deputatı Qənirə Paşayeva Xocalı soyqırımının 19-cu ildönümünə həsr olunmuş anım tədbirlərində iştirak etmək üçün fevralın 19-dan 25-dək Türkiyədə və İsraildə səfərdə olacaq. APA-nın xəbərinə görə, millət vəkili ermənilər tərəfindən Azərbaycan xalqına qarşı törədilmiş soyqırımı vəhşiliklərinin dünya ictimaiyyətinə çatdırılması məqsədi ilə anım tədbirlərində çıxışlar edəcək, bir sıra görüşlərə qatılacaq. Türkiyədə keçiriləcək tədbirlər çərçivəsində millət vəkili Qənirə Paşayevanın və “Dağlıq Qarabağın Azərbaycanlı İcması” İctimai Birliyi İdarə Heyətinin üzvü Həvva Məmmədovanın həmmüəllif olduqları, türkcə çapdan çıxmış “Xocalı soyqırımı: şahidlərin dilindən” adlı kitabın təqdimatı da olacaq. Kitabda Xocalı soyqırımı şahidlərinin, ermənilərin əsir və girovluğunda amansız işgəncələrə məruz qalmış Xocalı sakinlərinin acı xatirələri yer alıb. Kitabda həmin dövrdə Xocalı soyqırımı ilə bağlı dünya mediasında dərc olunmuş məqalələr, Heydər Əliyevin və Prezident İlham Əliyevin Xocalı soyqırımı ilə bağlı fikirləri, bəyanatları, Azərbaycan Milli Məclisinin dünya parlamentlərinə müraciətləri də öz əksini tapıb. Bundan başqa, kitabda müxtəlif beynəlxalq təşkilatlarda bu soyqırımla bağlı yayılmış və qəbul olunmuş sənədlər, erməni terroru faktlarla və fotoların müşayiəti ilə əks olunub. Kitab Türkiyənin İstanbul, Yalova, İsparta, İzmir və Ankara şəhərlərində keçiriləcək tədbirlər çərçivəsində ölkə ictimaiyyətinə təqdim olunacaq və yayılacaq.
Q. Paşayeva İsrailin Netaniya şəhərində də İsrail millət vəkillərinin, ictimai-siyasi xadimlərin və ictimaiyyətin iştirakı ilə keçiriləcək anım tədbirində çıxış edəcək.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR