Nazir müavini: “Misirdə vəziyyət sakitləşəndən sonra tələbələrimiz yenidən universitetlərə qayıdacaqlar”

Nazir müavini: “Misirdə vəziyyət sakitləşəndən sonra tələbələrimiz yenidən universitetlərə qayıdacaqlar”
# 21 fevral 2011 12:09 (UTC +04:00)
Bakı. Ülkər Qasımova - APA. “Misirdəki məlum hadisələr zamanı orada təhsil alan tələbələrimizin heç birinə zərər dəyməyib. Vəziyyət sakitləşəndən sonra yəqin ki, tələbələrimiz yenidən universitetlərə qayıdacaqlar”. APA-nın məlumatına görə, bu açıqlamanı təhsil nazirinin müavini Elmar Qasımov verib.

Nazir müavini qeyd edib ki, dövlət xətti ilə ərəb ölkələrində, əsasən Misir Ərəb Respublikasında təhsil alan tələbələr vətəndədirlər: “Təbii ki, hadisələr səngiyənə qədər onlar vətəndə olacaqlar. Vəziyyət sakitləşəndən sonra yəqin ki, tələbələr yenidən universitetlərə qayıdacaqlar. Onu da vurğulayım ki, dövlət xətti ilə digər ərəb ölkələrində təhsil alan tələbələrimiz yoxdur. Qahirə universitetində isə 20-yə yaxın tələbə təhsil alırdı”.

E.Qasımovun sözlərinə görə, artıq Nazirlər Kabineti tərəfindən prioritet ölkələr və universitetlər təsdiq olunub: “Biz daha çox Baltikyanı ölkələrlə danışıqlar aparırıq. İstərdik ki, tələbələrimiz Latviya, Litva universitetlərində təhsil alsınlar”. Nazir müavini qeyd edib ki, xaricdə təhsil alanlar dövlət qulluğuna birbaşa qəbul olunacaqlar.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR