«Access Bank» talassemiyalı uşaqlar üçün növbəti qanvermə aksiyası keçirib

«Access Bank» talassemiyalı uşaqlar üçün növbəti qanvermə aksiyası keçirib
# 22 fevral 2011 14:33 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. «Access Bank» QSC «Korporativ Sosial Məsuliyyət» proqramı çərçivəsində Talassemiya Xəstələri Assosiasiyası ilə birlikdə talassemiya xəstəliyi olan uşaqlar üçün növbəti qanvermə aksiyası keçirib.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, bununla əlaqədar olaraq, bankın «Azadlıq» filialı bir günlük donor qanının verilməsi mərkəzinə çevrilib. Qanköçürmə İnstitutundan dəvət olunmuş həkimlər qan vermək üçün filiala gəlmiş donorları yoxlayaraq onların qanının analizini aparıblar. Gün ərzində bankın sıravi işçiləri ilə yanaşı bankın İdarə Heyətinin sədrinədək 60 nəfər qan vermək üçün müraciət edib.

«Access Bank»ın baş meneceri Endrü Pospilovskinin sözlərinə görə, bu cür aksiyalar təşkil etməklə bank Azərbaycan ictimaiyyətinin həyatında fəallıq göstərir. «Access Bank təkcə Azərbaycan iqtisadiyyatının deyil, həmçinin insan amilinin inkişafında aparıcı rol oynamağa çalışır», - deyə E.Pospilovski bildirib.

Qeyd edək ki, bank «Korporativ Sosial Məsuliyyət» Proqramının icrasına 2008-ci ilin avqustundan başlayıb və həmin proqram çərçivəsində bir neçə layihə həyata keçirir.

Xatırladaq ki, «Accses Bank» 2002-ci ilin oktyabr ayında Azərbaycan Mikromaliyyələşdirmə Bankı kimi fəaliyyətə başlayıb və 2008-ci ilin sentyabr ayında brendini dəyişib. Bankın təsisçiləri rolunda Avropa Yenidənqurma və İnkişaf Bankı (20%), Beynəlxalq Maliyyə Korporasiyası (20%), Qara Dəniz Ticarət və İnkişaf Bankı (20%), Almaniyanın KfW Bankı (20%), «AccessHolding» (16,53%) və «LFS Financial Systems GmbH.» şirkəti (3,47%) çıxış edir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR