Azərbaycan ərazisində “quş qripi” ilə əlaqədar növbəti monitorinqə başlanıb

Azərbaycan ərazisində “quş qripi” ilə əlaqədar növbəti monitorinqə başlanıb
# 28 fevral 2011 09:03 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti (DBX) “quş qripi”nin Azərbaycana köçəri quşlarla keçmə ehtimalını nəzərdə alaraq bu gündən ölkə ərazisində növbəti monitorinqlərə başlayıb. DBX-nin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, monitorinq DBX-nin, Ekologiya və Təbii Sərvətlər, Səhiyyə nazirliklərinin, “Ovçular və balıqçılar” Cəmiyyətinin mütəxəssislərinin iştirakı ilə aparılır.

Monitorinqlərin köçəri quşların müvəqqəti məskunlaşdığı Abşeron yarımadası, Şabran, Salyan, Ağcabədi və Lənkəran rayonlarındakı milli qoruq və parklarda, həmçinin ölkənin dəniz sahili zonalarında və digər ərazilərdə həyata keçirilməsi nəzərdə tutulur. Monitorinq müddətində ayrı-ayrı quşçuluq və həyətyanı təsərrüfatlarda saxlanılan quşlardan da nümunələr götürüləcək. Köçəri və ev quşlarından götürüləcək qan və patoloji materiallar Respublika Baytarlıq Laboratoriyasında müayinə olunacaq və nəticələr martın 11-də açıqlanacaq.

DBX əhalinin və quşçuluq təsərrüfatı rəhbərlərinin nəzərinə çatdırıb ki, köçəri quşların miqrasiyası ilə əlaqədar ev və sənaye quşları mütləq qapalı şəraitdə saxlanılmalı, heyvan və quşlar arasında hər hansı narahatçılıq hiss etdikdə yerli baytarlıq məntəqələrinə, idarələrinə, eləcə də DBX-nin “qaynar xətt”inə (5635006 saylı telefona) müraciət edilməlidir. Heyvan və quşlarda özbaşına müalicə, peyvəndləmə və digər tədbirlərin aparılması yolverilməzdir. DBX xatırladır ki, heyvanlar, o cümlədən quşlar baytarlıq-sanitariya tələblərinə cavab verən şəraitdə saxlanılmalıdır. Bütün növ quşların ovlanması, qanunla müəyyən edilməyən yerlərdə və ticarət obyektlərində diri quşların, quş əti və məhsullarının satışı qadağandır. Ticarət üçün xüsusi ayrılmış yerlərdə (bazarlarda, yarmarkalarda) dövlət baytarlıq orqanlarında uçotda olan baytarlıq nəzarəti obyektlərində baytarlıq normalarına cavab verən, baytarlıq-sanitariya ekspertizasından keçirilmiş və müvafiq baytarlıq sənədləri ilə müşayiət edilən quş əti və onun məhsulları istisna olunur.

Məlumatda o da bildirilib ki, hazırda “quş qripi” xəstəliyinə görə ölkədə epizootik vəziyyət sabitdir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR