Ötən il Azərbaycanda 381 nəfər sərhəd pozucusu saxlanılıb

Ötən il Azərbaycanda 381 nəfər sərhəd pozucusu saxlanılıb
# 07 mart 2011 14:17 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA. Ötən il Azərbaycanın dövlət sərhədlərinin mühafizəsinin gücləndirilməsi istiqamətində bir sıra tədbirlər həyata keçirilib. APA-nın məlumatına görə bu barədə Azərbaycan hökumətinin parlamentə təqdim etdiyi hesabatında bildirilib.

Ötən il Azərbaycanın 20 Sərhəd Nəzarət Məntəqəsində dövlət sərhədindən keçən şəxslərin və nəqliyyat vasitələrinin foto-çəkilişinin aparılması sistemi quraşdırılıb. Dövlət sərhədindən keçən şəxslərin sənədlərinin yoxlanılması və nəqliyyat vasitələrinə baxışın keçirilməsi üçün xüsusi texniki vasitələr alınaraq Sərhəd Nəzarət Məntəqələrinə göndərilib.

Ötən il «Şıxlı», «Samur», «Biləsuvar» və «Astara» Sərhəd Nəzarət Məntəqələrində radiasiya aşkar edən portal monitorlar qurulub. Ümumilikdə hərbi hissələrdə 158 binadan ibarət xidməti və yaşayış obyektlərinin əsaslı tikintisi başa çatdırılıb.

Hesabat dövründə dövlət sərhədinin mühafizəsi tədbirləri çərçivəsində 381 nəfər sərhəd pozucusu və təqribi məbləği 5 844 635 manat olan qaçaqmalçılıq predmeti tutulub. İl ərzində tutulmuş sərhəd pozucularının 29,3%-i Azərbaycandan müqabil ölkələrə keçərkən, 70,7%-i isə müqabil ölkələrdən Azərbaycana gələrkən saxlanılıb. Hesabat dövründə 450 ədəd ideoloji cəhətdən zərərli dini kitab, 13 ədəd broşür, 4069 ədəd VDD diski və 61 xəritə aşkarlanaraq götürülüb. Narkotiklərlə mübarizə tədbirləri çərçivəsində isə 241 kq 391,4 qram narkotik maddə aşkar edilərək götürülüb. «Xaşxaş-2010» şərti adı altında keçirilmiş tədbirlər nəticəsində yabanı halda bitmiş 11,1 ton narkotik xassəli bitki yığılaraq məhv edilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR