Azərbaycanda 8881 əcnəbi qanuni əsaslarla haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olur

Azərbaycanda 8881 əcnəbi qanuni əsaslarla haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olur
# 11 mart 2011 13:56 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva - APA-Economics. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bu gün “Əhalinin məşğulluğu və işçilərin hüquqlarının müdafiəsinin gücləndirilməsi” mövzusunda Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatlar Milli Konfederasiyası və digər müvafiq təşkilatlarla birgə müşavirə keçirib.

Nazirliyin ictimaiyyətlə əlaqələr sektorundan “APA-Economics”ə verilən məlumata görə, 2011-ci ilin yanvar ayında ölkəmizdə əhalinin adambaşına gəlirləri ötən ilin müvafiq dövrünə nisbətən 12,8%, muzdla işləyən işçilərə hesablanmış orta aylıq əmək haqqı isə 9,5% artıb. Yoxsulluq səviyyəsi daha da azalaraq 9,1% təşkil edib.

2010-cu il ərzində Məşğulluq Xidməti orqanlarına müraciət etmiş 54 023 nəfərdən 39 922 nəfəri müvafiq qaydada qeydiyyata alınıb ki, onlardan da 28 362 nəfəri münasib işlə təmin edilib.

Ötən dövr ərzində xüsusi ehtiyac olmadan xarici işçi qüvvəsinin cəlb olunmasının qarşısını almaq məqsədilə, 2010-cu ildə ilk dəfə olaraq iqtisadi fəaliyyət növləri üzrə əmək miqrasiyası kvotası tətbiq edilib. Ötən il üçün bu kvota 10 700 nəfər müəyyən olunub. Həmin il respublikamızda kvota əsasında qanuni əsaslarla 8708 nəfər əcnəbi əmək fəaliyyəti ilə məşğul olub. Bu il isə əmək miqrasiyası kvotası azaldılaraq 9815 nəfər müəyyən edilib. Hazırda ölkəmizdə qanuni əsaslarla 8881 nəfər əcnəbi haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olur.

Ötən il ƏƏSMN-in Dövlət Əmək Müfəttişliyi tərəfindən 3201 müəssisə, idarə və təşkilatda əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarəti həyata keçirilib və 10 minədək halda qanunvericiliyin tələblərinin pozulması faktı aşkarlanıb. Həmin faktların böyük əksəriyyətini (təqribən 22%) işçilərlə əmək müqaviləsinin bağlanılmaması və ya onun şərtlərinin yerinə yetirilməməsi təşkil edib. Görülən tədbirlər nəticəsində ötən ildə 3404 işçi ilə işəgötürənlər arasında əmək müqaviləsinin bağlanılması təmin olunub. Hazırda ölkədə təxminən 100 mindən artıq işəgötürənin tabeliyində olmaqla, ümumilikdə 4 milyonadək məşğul insan var.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR