Azərbaycanda orta məktəb məzunlarına qızıl və gümüş medalların verilməsinə başlanır

Azərbaycanda orta məktəb məzunlarına qızıl və gümüş medalların verilməsinə başlanır
# 11 mart 2011 14:47 (UTC +04:00)
Təhsil Nazirliyindən APA-ya verilən məlumata görə, təhsil naziri Misir Mərdanovun bununla bağlı imzaladığı yeni sənəddə qeyd edilir ki, “Təhsil haqqında” qanuna əsasən, Nazirlər Kabineti 14 yanvar 2010-cu il tarixli, 8 nömrəli qərarla "Ümumi təhsili xüsusi nailiyyətlərlə başa vuran məzunların qızıl və ya gümüş medalla təltif olunma Qaydası"nı təsdiqləyib. Bu qaydalara uyğun olaraq, tam orta təhsil səviyyəsində təhsil alan şagirdlərin qızıl və ya gümüş medalla təltifi üçün namizədliyinin irəli sürülməsi məsələsinə sinif rəhbərinin təqdimatı əsasında məktəbin pedaqoji şurasında baxılıb müvafiq qərar qəbul ediləcək.

Medalla təltifə ümumi orta təhsil səviyyəsini 75 faiz "əla" qiymətlərlə bitirməklə tam orta təhsil səviyyəsində oxuduğu müddətdə fənlər üzrə cari qiymətlərinin ən azı 75 faizi, illik qiymətlərinin isə hamısı "əla" olan və bunlarla yanaşı, nümunəvi davranışı ilə fərqlənən, müxtəlif səviyyəli fənn olimpiadalarında, bilik yarışlarında, müsabiqə və layihələrdə iştirak edib mükafata layiq görülən şagirdlərin namizədliyi irəli sürüləcək.

Aprelin 15-dək medalla təltifə namizəd şagirdlərin müəyyənləşdirilməsi üçün ümumtəhsil məktəblərinin rəhbərliyi ilə birlikdə müvafiq iş aparıb obyektiv seçimi təmin etməklə həmin şagirdlərin adlı siyahısını Təhsil Nazirliyinin Monitorinq və qiymətləndirmə şöbəsinə təqdim edilməlidir.

Naxçıvan Muxtar Respublikasında tam orta təhsil səviyyəsi məzunlarının qızıl, gümüş medalla təltifi MR-nın Təhsil Nazirliyi tərəfindən müstəqil həyata keçiriləcək.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR