TQDK abituriyentlərə ixtisas seçimində kömək etmək üçün yeni vəsait nəşr edib

TQDK abituriyentlərə ixtisas seçimində kömək etmək üçün yeni vəsait nəşr edib
# 15 mart 2011 08:51 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva - APA. Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) abituriyentlərin düşünülmüş ixtisas seçimi etmələrinə və bu istiqamətdə dəqiq addım atmalarına kömək məqsədilə bütün bakalavr ixtisaslarını əhatə edən məlumat-sorğu vəsaiti - “Ali təhsil müəssisələrinin bakalavr ixtisasları”nı nəşr edib. Komissiyanın mətbuat xidmətinin rəhbəri Elnur Nağızadə APA-ya bildirib ki, bu nəşr Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş “Ali təhsil pilləsinin Dövlət standartları və proqramı” sənədinə istinadən və TQDK-nın informasiya bazasında olan məlumat və materiallar əsasında hazırlanıb.

Təqdim olunan vəsait ixtisas qruplarına uyğun olaraq 4 kitabdan ibarətdir. Birinci kitab I qrup ixtisaslarına (65 ixtisas), ikinci kitab II qrup ixtisaslarına (19 ixtisas), üçüncü kitab III qrup ixtisaslarına (45 ixtisas) və dördüncü kitab isə IV qrup ixtisaslarına (23 ixtisas) həsr edilir. Hər bir ixtisas haqqında təqdim olunan informasiyada həmin ixtisas üzrə kadrların hansı təhsil müəssisəsində hazırlanması, ixtisasın xarakteristikası, təyinatı, bu və ya digər ixtisas üzrə hazırlanan bakalavrlara təhsil müddətində tədris edilən peşə-ixtisas fənləri, həmin fənlər əsasında onlara öyrədilən ixtisas bilik və bacarıqları şərh olunur, onların gələcək fəaliyyətinin əsas sahə və istiqamətləri və iş yerləri barədə məlumat verilir. İxtisasların siyahısı ali təhsil müəssisələrinə 2010-cu ilin qəbul planı əsasında təqdim olunur.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR