Azərbaycanlı tələbələr ABŞ-ın Alabama Universitetində təhsil almağa dəvət olunurlar

Azərbaycanlı tələbələr ABŞ-ın Alabama Universitetində təhsil almağa dəvət olunurlar
# 01 aprel 2011 16:19 (UTC +04:00)
ABŞ-ın Azərbaycandakı səfirliyindən APA-ya verilən məlumata görə, proqram üçün müraciət formasını təqdim etmək üçün son tarix 22 aprel 2011-ci ildir.

SUSİ Azərbaycanın ali təhsil ocaqlarının birinci, ikinci və üçüncü kurs tələbələri üçün nəzərdə tutulmuş ABŞ-ın Hantsvil şəhərində yerləşən Alabama Universitetində akademik təhsil proqramıdır. Bu, ABŞ Dövlət Departamentinin Təhsil və Mədəniyyət Məsələləri Bürosunun proqramıdır və Beynəlxalq Tədqiqatlar və Mübadilələr Şurası (IREX) tərəfindən idarə olunur. SUSI proqramı ABŞ-da 6 həftəlik dərəcəsiz təhsili nəzərdə tutur.

İştirakçılar Azərbaycanda istiqamətləndirmə alacaq, Hantsvil şəhərində yerləşən Alabama Universitetində ABŞ tarixi, mədəniyyəti və vətəndaş təhsili üzrə proqram keçəcək, Selma/White Hall/Montgomery, Arizona və Vaşinqton regional öyrənmə səfərlərinə qatılacaqlar. Bundan əlavə, iştirakçılar ingilis dili biliklərini də təkmilləşdirə bilərlər. Tələbələr universitetin yataqxanasında qalacaqlar.

İştirakçılar J-1 viza xərcləri, öz şəhərlərindən ABŞ-da təhsil alacaqları yerə qədər və geriyə yol xərcləri, aylıq təqaüd və təhsil xərcləri, tibbi və bədbəxt hadisələrdən sığorta, yaşayış və yemək xərcləri, gözlənilməz kiçik xərclər, və məzunlar arasında geniş əlaqə və təlim keçmə imkanları ilə təmin olunurlar.

“2011 SUSI” proqramı üçün ərizə formalarını əldə etmək və təhvil vermək üçün İREX təşkilatının Azərbaycandakı ofisinə müraciət etmək, bundan əlavə, ərizələri www.irex.az veb-səhifəsindən yükləmək olar.

ABŞ-ın Azərbaycandakı səfiri Metyu Brayza bildirib ki, iki ölkə arasında qarşılıqlı anlaşmanı və əməkdaşlığı gücləndirmək məqsədilə Birləşmiş Ştatlar və Azərbaycan arasında mübadilə proqramları mühüm vasitədir. Nəzərə alaraq ki, bu sahədə daha çox iş aparmaq lazımdır, ABŞ səfirliyi ali və orta məktəblər üçün daha çox qısa müddətli mübadilə proqramlarını həyata keçirmək üçün bu il əlavə olaraq 2 milyon ABŞ dolları məbləğində investisiya ayırır.

SUSİ 2 milyon ABŞ dollarlıq yeni mübadilə layihəsində yeni addımdır. Eyni proqram orta məktəb şagirdləri üçün qarşıdan gələn bir neçə ay ərzində təşkil olunacaq.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR