Azərbaycanda gəncləri işlə təmin edən özəl təşkilatlara hökumətin dotasiya verməsi təklif olunur

Azərbaycanda gəncləri işlə təmin edən özəl təşkilatlara hökumətin dotasiya verməsi təklif olunur
# 11 aprel 2011 10:11 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva - APA-Economics. Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Baş Məşğulluq İdarəsi (BMİ) ölkə gənclərinin məşğulluğunun təminatı, onların əmək bazarına cəlbi məqsədilə yeni təkliflər paketi hazırlayacaq. Bu barədə “APA-Economics”ə BMİ-nin rəis müavini Şahbaz Xələfov məlumat verib.

O bildirib ki, həmin təkliflər ölkə prezidentinin sərəncamı ilə yeni hazırlanacaq “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramının layihəsinə daxil etmək üçün nəzərdə tutulur: “Aparılan təhlillər göstərir ki, əmək bazarında ən böyük gərginlik 24-29 yaşlı gənclərlə bağlıdır. Onlar ilk dəfə iş axtaranlardır. Özəl sektor çalışır ki, daha təcrübəli işçi götürsün. Təcrübəsiz işçilərin işlə təminatında isə problem yaranır. Məncə, yeni Dövlət Proqramı gənclərin məşğulluğunun təmininə çox böyük kömək göstərəcək”.

Gənclərin əmək bazarına cəlbi üçün çoxlu təkliflərinin olduğunu deyən Ş.Xələfov üç əsas təklifləri barədə məlumat verib. Onun sözlərinə görə, gənclərə dəstək olmaq məqsədilə əmək bazarında monitorinqlər keçirilməli, bu monitorinqlər ardıcıl və dəqiq olmalıdır: “Monitorinqlər nəticəsində ilk növbədə işaxtaran kontingenti təyin etmək lazımdır. Sonra isə əmək bazarının vəziyyəti ilə bağlı İqtisadi İnkişaf Nazirliyinə təkliflər verilməlidir. Bu təkliflərdə göstərilməlidir ki, hansı sahədə daha çox iş yerlərinin yaradılmasına önəm verilməlidir”.

Ş.Xələfov deyib ki, üçüncü əsas təklif gəncləri işəgötürən özəl təşkilatlara dövlət tərəfindən dotasiyanın verilməsi ilə bağlıdır: “Bu gənclərin iş yerlərinə cəlb olunması üçün dövlət tərəfindən dotasiya ayrılmalı, gəncləri işə götürən təşkilatlara güzəştlər olmalıdır. Əgər bu təşkilatlara dotasiya verilsə, gənclərin məşğulluğunda problem yaranmayacaq. Son dövrlərdə Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın vasitəsilə dövlət qulluğuna keçənlərin hamısı gənclərdir. Çünki həmin komissiyanın keçirdiyi test imtahanlarından yaşlı nəsil keçə bilmir, əsasən gənclər keçir. Bu gün dövlət qulluğuna işə qəbulda gənclərin problemi yoxdur, amma özəl sektorda bu problem var. Ona görə də yeni proqrama bununla bağlı öz təklifimizi verəcəyik”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR