Kür Vətəndaş Cəmiyyətinin koordinatoru Oqtay Gülalıyev: “Daşqınların nəticələrinin aradan qaldırılması istiqamətində hökumət komissiyası işləyir” – MÜSAHİBƏ

Kür Vətəndaş Cəmiyyətinin koordinatoru Oqtay Gülalıyev: “Daşqınların nəticələrinin aradan qaldırılması istiqamətində hökumət komissiyası işləyir” – <font color=red>MÜSAHİBƏ</font>
# 12 aprel 2011 15:19 (UTC +04:00)
- Son vaxtlar Sabirabad və Saatlı rayonlarında Kür və Araz çaylarının daşqınlarından əziyyət çəkmiş sakinlərinin etiraz aksiyalarının Kür Vətəndaş cəmiyyəti tərəfindən təşkil olunduğu bildirilir?

- Xeyr, bu belə deyil. Biz nəinki Kür daşqınları bölgəsində, başqa yerlərdə də aksiya təşkil etməmişik. Biz ictimai bir təşkilatıq. Bu aksiyaların təşkilatçıları insanlar özləri olublar. Sadəcə vətəndaş cəmiyyətinin nümayəndələri olaraq məqsədimiz aksiyaları müşahidə edib və onların problemlərini dinləmək olub. Monitorinq aparmışıq. Düzdür, bəzi mətbuat orqanlarında bu barədə yazılar yazılsa da, biz bu fikirləri bölüşmürük. Bəyan edirik ki, bu aksiyaların təşkilatçısı Kür Vətəndaş Cəmiyyəti deyil.

- Bəzi mətbuat orqanlarında belə yazılar gedir ki, Kür Vətəndaş Cəmiyyəti siyasi fəaliyyətlə məşğul olur?

- Bu məsələni də təkzib edirəm. Bilirsiniz ki, ölkə Prezidentinin imzaladığı QHT-lər və fondlar haqqında qanun var. Eyni zamanda siyasi partiyalar haqqında da qanun var. Bu qanunlara görə QHT-lər də ictimai birlik olaraq siyasi fəaliyyətlə məşğul ola bilməz. Ona görə də qeyd etmək istəyirəm ki, bu qanunlara əsasən Kür Vətəndaş Cəmiyyəti qərargahı Kür daşqınları bölgəsində heç bir siyasi fəaliyyətlə məşğul olmayıb və ola da bilməz. Bizim fəaliyyətimiz yalnız ictimai əsaslar üzərində qurulur. Bizim yeganə məqsədimiz Kür daşqınlarının nəticələrinin aradan qaldırılmasında vətəndaş cəmiyyətinin iştirakını təmin etmək, vətəndaşların problemlərinin həllinə kömək etmək və eyni zamanda bu istiqamətdə dövlətin qəbul etdiyi qərarları ictimaiyyətə maarifləndirmə yönündə biliklər çatdırmaqdan ibarətdir. Mən bir daha bəyan edirəm ki, Kür Vətəndaş Cəmiyyəti qərargahı heç bir siyasi fəaliyyətlə məşğul deyil. Biz heç bir siyasi partiyanın monopoliyasında deyilik. Bizim amalımız, məqsədimiz yalnız bu problemlərdən əziyyət çəkən insanların üzləşdiyi problemlərin aradan qaldırılmasına köməklik etməkdir.

- Hal-hazırda Kür Vətəndaş Cəmiyyəti hansı işlərlə məşğuldur və perspektivdə planlarınız nədən ibarətdir?

- Kür Vətəndaş Cəmiyyəti may ayında daşqınların baş verdiyi gündən bu günə kimi bölgədə fəaliyyət göstərir. Fəaliyyətimiz dövründə 2200 fərdi yaşayış evində olub, qiymətləndirmə aparmışıq. Öz rəyimizi hökumət komissiyasına, Fövqəladə Hallar Nazirliyinə və ictimaiyyətə təqdim etmişik. Hal-hazırda biz bu istiqamətdə fəaliyyətimizi davam etdiririk. Son zamanlar müsbət tendensiya ondan ibarətdir ki, biz fəaliyyətimizi dövlət qurumları ilə əməkdaşlıq çərçivəsində qururuq. Bizim məqsədimiz odur ki, insanların problemlərini qarşılıqlı dialoq və əməkdaşlıq müstəvisində həll edək. Biz istəyirik ki, vətəndaşlar öz problemlərini aidiyyəti qurumlarla qarşıdurmalar səviyyəsində deyil, dəyirmi masa ətrafında dialoq və əməkdaşlıq səviyyəsində qursunlar. Bizim təklif etdiyimiz dialoq və əməkdaşlıq həm vətəndaşların və həm də dövlətin maraqlarına uyğundur. Dövlət də bu təklifləri qəbul edir. Bu istiqamətdə hökumət qurumları və Fövqəladə Hallar Nazirliyi ilə olan əməkdaşlığı qeyd edə bilərəm.

- Kür daşqınlarından zərər çəkmiş ərazilərdə görülən işləri necə qiymətləndirirsiniz?

- Biz həmişə çalışmışıq ki, görülən işlərə obyektiv qiymət verək. Həqiqətən də bu istiqamətdə xeyli işlər görülüb və müəyyən işlər də görülməkdədir. Xüsusilə qeyd etmək istəyirəm ki, hökumət komissiyasının Fövqəladə Hallar Nazirliyinin, aidiyyəti qurumların üzərinə düşən işlər var ki, onlar görülür. Son zamanlar vətəndaş cəmiyyəti institutlarının dövlət qurumları ilə və yerli icra strukturları ilə əməkdaşlıq etməsi də müsbət bir haldır. Nazirlər Kabinetinin 4 mart 2011-ci il qərarı ilə 71 saylı sərəncamında insanların əkin torpaqları üçün kompensasiyaların verilməsi və bunun davam etdirilməsi müsbət bir addımdır. Eyni zamanda insanların müraciəti əsasında Sabirabad rayonunda korrupsiya halının üzə çıxarılması faktı və bunun əsasında aidiyyəti olan insanların cəzalandırılmasıdır. Bunlar hamısı müsbət işlərdir. Eyni zamanda bəzi problemlər də var. Ona görə ki, Kür daşqını miqyasına görə son yüz ilin ən böyük daşqınlarındandır. Hal-hazırda daşqınların nəticələrinin aradan qaldırılması istiqamətində hökumət komissiyası işləyir. Biz də ictimai birlik olaraq dövlət qurumları ilə dialoq və əməkdaşlıq səviyyəsində problemlərin aradan qaldırılmasında iştirak edirik.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR