Füzuli rayonunun işğaldan azad olunmuş ərazilərindəki tarixi abidələr təmir ediləcək

Füzuli rayonunun işğaldan azad olunmuş ərazilərindəki tarixi abidələr təmir ediləcək
# 20 aprel 2011 08:02 (UTC +04:00)
Füzuli. Teymur Zahidoğlu-APA. Füzuli rayonunun ərazisində 13-cü əsrə aid Şeyx Babı Yaqub türbəsində təmir-bərpa işləri aparılacaq. Bu barədə APA-nın Qarabağ bürosuna Füzuli Rayon İcra Hakimiyyətinin Mədəniyyət və Turizm Şöbəsindən məlumat verilib. Bildirilib ki, artıq türbənin təmiri üçün layihə-smeta sənədləri hazırlanır. Ən geci gələn ilin sonlarına qədər abidənin ilkin görünüşdəki vəziyyətinə qaytarılması nəzərdə tutulub.
Abidənin yerləşdiyi ərazi vaxtilə ermənilər tərəfindən işğal edilib. Burada aparılmış döyüş əməliyyatları abidəni bərbad vəziyyətə salıb. Türbənin ətrafında «Qrad» tipli reaktiv artilleriya mərmilərinin partlayışları nəticəsində yaranan çuxurlar həmin ərazidə torpağın alt qatında xeyli sayda qala qalıqlarının meydana çıxmasına səbəb olub. Elə buna görə də yerli mütəxəssislər türbənin ətrafında arxeoloji qazıntı işlərinin aparılması üçün müvafiq təşkilatlara müraciət ünvanlayıblar. Qeyd olunub ki, bəzi tarixi mənbələrdən dövrümüzə çatan məlumatlar, Şeyx Babı Yaqub türbəsinin ətrafında qədimlərdə mədrəsə tipli bilik ocağının olmasına dair ehtimallar irəli sürməyə əsas verir.
Rayonun Əhmədalılar kəndində 13-cü əsrə aid Əhmədalılar türbəsinin də təmir olunacağı gözlənilir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR