Adil Qəribov: “Yaxın 20 ildən sonra Azərbaycanda artıq atom elektrik stansiyası tikilməsi məsələsi gündəmdə olacaq”

Adil Qəribov: “Yaxın 20 ildən sonra Azərbaycanda artıq atom elektrik stansiyası tikilməsi məsələsi gündəmdə olacaq”
# 20 aprel 2011 14:20 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. “Yaxın 20 ildən sonra Azərbaycanda artıq atom elektrik stansiyası tikilməsi məsələsi gündəmdə olacaq”. Bu barədə APA-ya Azərbaycan Milli Elmlər Akademiyasının Radiasiya Problemləri İnstitutunun direktoru Adil Qəribov bildirib. Onun sözlərinə görə, dövlətin nüvə enerjisi ilə təminatında bir neçə mərhələ var: “Ölkə nüvə reaktoruna, kadrlar bazasına və nüvə proseslərini idarə etmək vərdişlərinə malik olmalıdır. Bunu nəzərə alaraq biz birinci təklifimizi vermişik ki, Azərbaycanda tədqiqat nüvə reaktoru yaradılsın. Atom Enerjisi üzrə Beynəlxalq Agentliklə (AEBA) birgə həyata keçirilən layihə əsasında artıq reaktor üçün yer də ayrılıb, kommunikasiya xətləri də çəkilib”. A. Qəribov deyib ki, atomdan alınmış elektrik enerjisi neftdən, qazdan alınmış elektrik enerjisinə nisbətən təxminən 15-20 faiz ucuz başa gəlir: “Ona görə də mütəxəssis kimi deyirəm ki, Azərbaycan dövləti bu addımı ataraq atom enerjisinə malik olacaq. Çünki Azərbaycanın enerji təhlükəsizliyi dövlətin əsas vəzifəsidir. İndi neftin qiyməti sürətlə artır. 5-10 ildən sonra heç bir dövlət özünə qıymayacaq ki, nefti yandırıb ondan elektrik enerjisi alsın. Ölkə neftin satışından bundan 2-3 dəfə artıq gəlir əldə edir. Hesab edirəm ki, Azərbaycan yaxın gələcəkdə bu məsələnin üzərinə gələcək”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR