Atom Enerjisi üzrə Beynəlxalq Agentlik “Metsamor” AES-in 2016-sı ilədək fəaliyyət göstərməsinə razılıq verib

Atom Enerjisi üzrə Beynəlxalq Agentlik “Metsamor” AES-in 2016-sı ilədək fəaliyyət göstərməsinə razılıq verib
# 20 aprel 2011 15:01 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. “Metsamor” Atom Elektrik Stansiyasının ikinci blokunun fəaliyyətinin dayandırılması ilə bağlı Azərbaycanın baş naziri Artur Rasizadənin Çernobıl AES-də baş vermiş qəzanın 25 illiyinə həsr olunmuş sammitdə səsləndirdiyi fikirlər çox mühümdür. Bu artıq siyasi bir addımdır”. APA-nın məlumatına görə, bu barədə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Radiasiya Problemləri İnstitutunun direktoru Adil Qəribov bildirib.
Onun sözlərinə görə, iyunda Vyanada nüvə enerjisinə malik ölkələrin xarici işlər nazirlərinin birgə toplantısının keçirilməsi nəzərdə tutulub: “Toplantıda nüvə enerjisindən istifadə ilə bağlı yeni konseptual baxış və yanaşma müzakirə ediləcək. İndiyə qədər söhbət gedirdi ki, nüvə enerjisindən istifadə etmək lazımdır, çünki başqa enerji mənbəyi yoxdur. Lakin baş verən hadisələr göstərir ki, nüvə enerjisindən istifadə zamanı da müəyyən problemlər yaranır. Ona görə də toplantıda bu məsələyə hansı şəkildə yanaşılması müzakirə olunacaq. Burada məsələ qoyulacaq ki, dünyada istifadə olunan nüvə reaktorlarının 70 faizinin ömrü başa çatır. Bu cür reaktorların istifadəsi yolverilməzdir. Çünki istənilən halda və yerdə təbii fəlakətlər ola bilər. Yəni Yaponiya kimi ölkədə qəza baş verirsə, deməli, Ermənistanda nüvə obyektində qəza olması və bunun böyük təhlükəyə yol açması istisna edilmir”.
A. Qəribov bildirib ki, Azərbaycanla Ermənistan sərhədləri arasında məsafə 50-60 km-dir: “Belə bir hadisə baş verərsə, biz və digər qonşu dövlətlər bu bəlanı çəkəcək. Ona görə də tələbimiz budur ki, “Metsamor” AES-in fəaliyyəti dayandırılsın. Bu stansiyanın ömrü 2010-cu ildə qurtarıb. Amma Ermənistan Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) ekspertləri ilə qərara gəlib ki, stansiyanın fəaliyyəti 2016-sı ilə qədər davam etsin. Amma həmin ildə də stansiyanın fəaliyyətinin dayanacağına ümidimiz yoxdur. Çünki ermənilər 2016-sı ildə stansiyanın yeni blokunu istifadəyə verməyi planlaşdırmışdılar. Amma hələ bu blokun tikintisinə başlamayıblar. Heç bir ölkədə 5 ilə belə blok tikilmir. Bunun üçün ən azı 10 il lazımdır. Deməli, bu məsələ uzanacaq. Ona görə də “Metsamor” AES-in fəaliyyətinin dayandırılması ilə bağlı qonşu dövlətlər də həmrəy olmalıdırlar. Əfsuslar olsun ki, hələlik biz bu həmrəyliyi görmürük”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR