Daxili İşlər və Nəqliyyat nazirlikləri birgə açıqlama ilə çıxış edib

Daxili İşlər və Nəqliyyat nazirlikləri birgə açıqlama ilə çıxış edib
# 23 aprel 2011 16:38 (UTC +04:00)
APA-nın xəbərinə görə, açıqlamada deyilir:

“Son illər ölkədə müasir tələblərə uyğun avtomobil yollarının çəkilməsi hərəkət iştirakçılarının təhlükəsizliyi və rahatlığı üçün geniş imkanlar yaradıb. Lakin avtonəqliyyat vasitələrində daşınan yüklərin normadan artıq yüklənməsi yolların, körpülərin, yol ötürücüləri və digər yol qurğularının sıradan çıxması ilə yanaşı, hərəkətin təhlükəsizliyinin təmin olunmasında da ciddi problemlər yaradır. Bir çox hallarda belə daşımalar avtomobillərin yük yerlərinin, qabarit ölçülərinin artırılması, kuzovlarının, bortlarının qaldırılması yolu ilə həyata keçirilir ki, bu da “Yol hərəkəti haqqında” və “Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikası qanunlarının tələblərinə ziddir. Bu qanun pozuntularına yol verən şəxslər Azərbaycan Respublikası qanunvericiliyi ilə məsuliyyət daşıyırlar. Yükləmə və yükdaşıma fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslər bu barədə dəfələrlə xəbərdar olunmalarına və inzibati qaydada tənbeh edilmələrinə baxmayaraq, bu kimi hallar hələ də davam edir.
Daxili İşlər və Nəqliyyat Nazirlikləri yükdaşıma fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin, eləcə də sürücülərin nəzərinə çatdırır ki, konstruksiyalarında dəyişikliklər edilmiş avtomobillər cari ilin may ayının 1-dək istehsalçı zavodun həmin avtomobillər üçün müəyyən etdiyi normalara uyğunlaşdırılmaqla yük daşıma qaydalarına ciddi riayət etsinlər. Əks təqdirdə həmin şəxslər barəsində Azərbaycan Respublikası qanunvericiliyinin tələblərinə uyğun olaraq, inzibati tənbeh tədbirləri görülməklə nəqliyyat vasitələri yol hərəkətində iştirakdan kənarlaşdırılacaqlar”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR