Yaponiya hökuməti azərbaycanlı gənclər üçün yeni təqaüd proqramları elan edib

Yaponiya hökuməti azərbaycanlı gənclər üçün yeni təqaüd proqramları elan edib
# 26 aprel 2011 14:33 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva - APA. Yaponiya hökuməti 2012-ci il üçün tibb, stomatologiya, baytarlıq və əczaçılıq sahələrində tədqiqatla məşğul olan şəxslər üçün təqaüd proqramları təklif edir. Azərbaycan Təhsil Nazirliyindən APA-ya verilən məlumata görə, təqaüd proqramında iştirak etmək istəyənlərin tibb, stomatologiya, baytarlıq və əczaçılıq sahələrində 6 illik ali təhsili olmalıdır. Proqramın müddəti 2012-ci ilin aprel ayından 2014-cü ilin mart ayınadək (24 ay) və 2012-ci ilin oktyabr ayından 2014-cü ilin mart ayına (18 ay) qədərdir.

Yaponiya hökuməti 2012-ci il üçün humanitar, sosial və təbiət elmləri sahələrində (hüquq, siyasət, pedaqogika, sosiologiya, ədəbiyyat, tarix, yapon dili, iqtisadiyyat, biznes idarəetməsi, riyaziyyat, fizika, kimya, mühəndislik, kənd təsərrüfatı, tibb, stomatologiya və s.) bakalavr səviyyəsi üçün təqaüd proqramlarını elan edib. Bu proqram 2012-ci ilin aprelindən 2017-ci ilin martınadək - 5 illik müddəti əhatə edir.


Yaponiya hökuməti gələn il üçün texnologiya kolleclərində təhsil alan tələbələr üçün mexaniki mühəndislik, elektronika üzrə mühəndislik, informasiya-kommunikasiya texnologiyaları üzrə mühəndislik, memarlıq üzrə mühəndislik və s. sahələrdə təqaüd proqramları təklif edir. Bu proqram 2012-ci ilin aprelindən 2016-cı ilin martınadək olan 4 illik müddəti əhatə edir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR