Birləşmiş Ərəb Əmirliklərinin iqtisadiyyat naziri Qəbələdə olub

Birləşmiş Ərəb Əmirliklərinin iqtisadiyyat naziri Qəbələdə olub
# 04 may 2011 12:12 (UTC +04:00)
Qəbələ. Şahnəzər Bəşirov - APA. Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) iqtisadiyyat naziri Sultan bin Səid Əl Mansourinin başçılıq etdiyi nümayəndə heyəti bu gün Qəbələ rayonuna səfər edib. APA-nın yerli bürosunun xəbərinə görə Sultan bin Səid Əl Mansouri və onu müşayiət edən qonaqlar Qəbələ Konserv Zavoduna baş çəkib, istehsal müəssisəsinin fəaliyyəti ilə tanış olublar. BƏƏ nazirinə məlumat verilib ki, Qafqaz regionunda analoqu olmayan bu zavodda istehsal olunan təbii meyvə şirələri, müxtəlif mürəbbə və cemlər, turşular, yarımfabrikat olan konsentrat və pürelər Azərbaycan bazarı ilə yanaşı, 30-dan artıq xarici ölkəyə ixrac edilir. Sultan bin Səid Əl Mansouri zavodun ayrı-ayrı istehsal sexlərində, məhsul saxlama anbarında, laboratoriyasında olub, sərgi salonuna baxış keçirib. Sonra qonaqlar meyvə-tərəvəz məhsullarının saxlanılması üçün rayonda inşa edilən 5 min tonluq soyuducu anbar kompleksinin fəaliyyəti ilə, eləcə də Qəbələ piano fabrikində istehsal prosesi və hazır məhsullarla tanış olub. Nümayəndə heyətinə məlumat verilib ki, regionda analoqu olmayan bu fabrikdə ildə 1000 ədəd piano istehsal etmək mümkündür. Sonra nümayəndə heyətinə bölgənin turizm potensialı, bu sahədə yaradılan infrastruktur barədə məlumat verilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR