Azərbaycan çaylarında suyun səviyyəsi artıb

Azərbaycan çaylarında suyun səviyyəsi artıb
# 10 may 2011 13:15 (UTC +04:00)
Bakı. Sevil Valehova - APA. May ayının birinci ongünlüyünün sonunda respublika ərazisində yağan yağışlar nəticəsində dağ çaylarında sululuğun artımı müşahidə olunub. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən məlumata görə, hazırda Böyük Qafqazın Balakən-Şəki bölgəsi çaylarında sululuq ongünlük normanın 75-105, Quba-Xaçmaz bölgəsi çaylarında 60-110, Lənkəran-Astara bölgəsi çaylarında 55-135, Kiçik Qafqazın çaylarında 100-110, Naxçıvan MR-sı çaylarında isə 50 faizini təşkil edir.

Kür çayının Qıraqkəsəmən məntəqəsində su sərfi 950 m3/san, yəni ongünlük normanın 132 faizini (2010-cu ildə 818 m3/san olmaqla 114 faizini), Qanıx çayının Əyriçay məntəqəsində isə su sərfi 391 m3/san, yəni ongünlük normanın 197 faizini (2010-cu ildə 325 m3/san olmaqla 164 faizini) təşkil edir.

Hazırda Surra məntəqəsində suyun səviyyəsi 722, Şirvanda 621, Bankədə 366, Salyanda 530, Araz çayının Novruzlu məntəqəsində isə 458 santimetrdir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR