Marneulidə xalçaçılıq sexi açılacaq

Marneulidə xalçaçılıq sexi açılacaq
# 11 may 2011 16:42 (UTC +04:00)
Marneuli. Nizami Məmmədzadə - APA. Gürcüstanda azərbaycanlıların kompakt yaşadıqları Marneuli rayonunda fəaliyyət göstərən Marneuli Gənclər Mərkəzində (MGM) xalçaçılıq sexi açılacaq. Bu barədə APA-nın Gürcüstan bürosuna MGM-nin layihələr üzrə meneceri Zaur Darğallı məlumat verib. Onun sözlərinə görə, bu layihəni həyata keçirmək üçün maliyyə dəstəyi var: “Biz saytımızda bu layihə barədə məlumat dərc etdik. Məqsədimizi həyata keçirmək üçün bizə Amerika vətəndaşları və bu ölkədə fəaliyyət göstərən bir katolik kilsəsi kömək edir. Hazırda MGM-də xalçaçılıq sexi təmir olunur. Biz Borçalı xalçaçılıq sənətini inkişaf etdirmək istəyirik. Bizə ilk mərhələdə Amerika vətəndaşları kömək edəcək və biz kommersiya ilə də məşğul olmaq, Gürcüstana gələn turistlərə yüksək keyfiyyətli və milli ornamentlərlə toxunan xalçaları satmaq istəyirik. Xalça toxuculuğunda Bolnisi, Dmanisi və Tetri-Skaro rayonlarının azərbaycanlılar yaşayan kəndlərdəki xalça ustalarının təcrübəsindən istifadə edəcəyik. Bu kəndlərdə hələ də xalça toxumaq ənənələri yaşadılır. Dəvət etdiyimiz sənətkarlar eyni zamanda bu sənəti gənclərə də öyrədəcəklər”.
Z. Darğallı, həmçinin mərkəzin nəzdində ingilis dili, jurnalistika, kompüter kurslarının fəaliyyət göstərdiyini deyib: “Biz istəyirik ki, azərbaycanlı gənclər fəallaşsın, Gürcüstan cəmiyyətinə daha tez inteqrasiya olunsunlar. Biz həm də gənclərin işlə təmin olunmasına çalışırıq”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR