Dövlət Statistika Komitəsi statistik məlumatların istifadəçilərinin rəyinin öyrənilməsi üzrə növbəti müayinə keçirib

Dövlət Statistika Komitəsi statistik məlumatların istifadəçilərinin rəyinin öyrənilməsi üzrə növbəti müayinə keçirib
# 12 may 2011 08:07 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Azərbaycan Dövlət Statistika Komitəsi 2010-cu ildə keçirdiyi statistik məlumatların istifadəçilərinin rəyinin öyrənilməsi üzrə müayinənin nəticələrini açıqlayıb.

Komitədən «APA-Economics»ə verilən məlumata görə, müayinənin keçirilməsində məqsəd statistik məlumatların istifadəçiləri ilə əks-əlaqə yaratmaqla onların statistik məlumatlara inam səviyyəsini, onlar tərəfindən statistik məlumatların keyfiyyətinin qiymətləndirilməsini müəyyən etmək, statistika orqanının və onun əməkdaşlarının fəaliyyətini qiymətləndirmək olub.

«Müayinə bütün ölkə ərazisində keçirilib və müxtəlif fəaliyyət sahələrini - dövlət idarəetmə orqanları, elmi-tədqiqat təşkilatları, radio və teleşirkətlər, informasiya agentlikləri, sənaye müəssisələrini və s. təmsil edən 2 093 təşkilat sorğuda iştirak edib. Respondentlər statistik məlumatların keyfiyyəti, statistika orqanının və onun əməkdaşlarının fəaliyyəti ilə bağlı verilən suallara öz münasibətlərini bildirib. Alınan cavablar əsasında statistik məlumatların istifadəçilərinin məmnunluq və inam indeksləri hesablanıb. Məmnunluq indeksi 8,4-ə, inam indeksi isə 8,2-yə bərabər olub. Müvafiq indekslər 1-dən 10-a qədər qiymət ala bildiyindən alınan nəticələr statistik orqanın fəaliyyətinə inamın nisbətən yüksək olmasından xəbər verir. Qeyd etmək lazımdır ki, 2009-cu ildə keçirilmiş müayinə zamanı müvafiq indekslər 8,3 və 7-ə bərabər olub ki, bu da nəticələrin ötən ilə nisbətən yüksəldiyini göstərir», - deyə komitədən bildirilib.

Bununla yanaşı, sorğu zamanı statistik məlumatların istifadəçilərinin Dövlət Statistika Komitəsi tərəfindən verilən mühüm göstəricilərə münasibəti öyrənilib. Respondentlər bu göstəricilər üzrə məlumatların real vəziyyəti nə dərəcədə əks etdirdiyini qiymətləndirib: «Respondentlərin 78,7%-i əhalinin sayı, 70,5%-i ümumi daxili məhsulun artım sürəti, 70,2%-i əhalinin gəlirləri, 66,7%-i işsizliyin səviyyəsi, 66,5%-i isə inflyasiyanın səviyyəsi ilə bağlı məlumatlara inandığını bildirib».
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR