Zərdabda qrunt sularının səviyyəsi artıb

Zərdabda qrunt sularının səviyyəsi artıb
# 16 may 2011 11:55 (UTC +04:00)
Zərdab. Teymur Zahidoğlu - APA. Son günlər yağan aramsız yağışlar nəticəsində qrunt sularının qalxması Zərdab rayonunda problemlər yaradıb. Qrunt sularının qalxması daha çox Zərdab şəhərinin ətrafından keçən Türyançay boyunca yerləşən küçələrdə özünü büruzə verir. Qrunt suyunun sürətlə artması nəticəsində, yaşayış massivində bəzi mənzillər yararsız hala düşüb. Zərdab şəhər sakinləri APA-nın müxbiri ilə söhbətdə bildiriblər ki, evlərdə yaranan rütubət dözülməz həddə çatıb.
Rayon Fövqəladə Hallar Komissiyası küçələrdə qrunt sularının artması nəticəsində yaranan gölməçələrin qurudulması üçün tədbirlər görür. Ümumilikdə isə Kür çayının Zərdab ərazisindən keçən və digər kiçik və orta həcmli çayların Kürə töküldüyü yerlərdə sahil boyunca bənd salma işləri aparılır. Zərdab Rayon Fövqəladə Hallar Komissiyasının sədri Allahverdi Səfərov APA-ya bildirib ki, rayonun 23 kənd tipli yaşayış məntəqəsi sahilboyu ərazilərdə yerləşir. Çaylarda suyun səviyyəsinin qalxması isə bu kəndləri təhlükə altına alır. Eyni zamanda bu yaşayış məntəqələrinə məxsus əkin sahələri ciddi zərər görür. Onun sözlərinə görə, indiki vəziyyətdə fəsadların yaranması ehtimalı azdır: “Ötən ilin müvafiq dövründə Zərdab ərazisində 1000 hektardan çox əkin sahəsi yararsız hala düşdü. O zaman baş vermiş daşqınların nəticələrinin aradan qaldırılması ilə yanaşı, hazırda rayonun Kürqırağı ərazilərində sahil boyunca 60 kilometrdən artıq məsafədə bənd qurulur. Bu da yaşayış məntəqələrini sel təhlükəsindən qoruyacaq”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR