Əli bəy Hüseynzadənin qızı: “Atatürk millət vəkilliyi təklif etdi, atam qəbul etmədi” – MÜSAHİBƏ

Əli bəy Hüseynzadənin qızı: “Atatürk millət vəkilliyi təklif etdi, atam qəbul etmədi” – <font color=red>MÜSAHİBƏ </font>
# 25 may 2011 08:45 (UTC +04:00)
İstanbul. Mais Əlizadə - APA. Əli bəy Hüseynzadənin Türkiyədə yaşayan qızı, rəssam Feyzavər Alpsarın APA-ya müsahibəsi.

- Atanızın yaxşı rəssam olduğunu bilirik. Onun “Bibiheybət məscidi” tablosu Azərbaycan peşəkar rəsm sənətinin ilk örnəkləri arasındadır. Qardaşınız Səlim Turan Türkiyənin önəmli rəssamlarından biri idi. Sənətə yəqin onların təsiri ilə başladınız.

- Onların da təsiri oldu. Atam həbsxanada yatanda məni onunla görüşə aparmışdılar. 4 yaşım vardı. Məni qucağına aldı. Divarlara həbsxanada yatan gənclərin portretlərini çəkmişdi. Atam bir neçə dəfə həbsə düşmüşdü, həmişə onunla həbsdə olanların portretini çəkirmiş. Men peşəkar rəsm təhsili almışam. O vaxtın məşhur rəssamları olan Edip Hakkı Kösəoğlu, Camal Tollu mənim müəllimlərim olub. Ancaq Rəssamlıq Akademiyasını bitirəndən sonra tablo çəkməyə davam etmədim.

- Niyə?

- Evlənib Anadoluya getdim. “Vətən, millət” deyə Şərqə qədər getdik. Oraya mədəniyyət aparmaq niyyətində idik. Şəkil çəkməyə çox da vaxtım və imkanım olmadı. Ancaq özümü əyləndirmək üçün həmişə şəkil çəkmişəm.

- Anadoluda xalqa sənət təhsili verirdiniz?

- Hər cür işi görürdük. Oralara xeyli kitab apardıq. Sonradan xeyli insan dedi ki, sizin sayənizdə o kitabları oxuduq. Kitabların gənclərə çox köməyi olmuşdu.

- Atanız da İstanbuldan Bakıya ‘Maarif, təhsil’ niyyəti ilə getmişdi. Bakıda çıxan “Füyuzat” dərgisini sizə gətirirdilərmi?

- Məndə atamın arxivindəki dərgilər vardı. Heydər bəy (“Əli Hüseyn Turan” kitabının müəllifi Əli Heydər Bayatı nəzərdə tutur – M. Ə.) vəfat edəndən sonra onları yenidən mənə verdilər. İndi onları Yavuz bəyə (Professor Əli Yavuz Akpınar) verdim. Yavuz bəy arxivlərdən atamın əsərlərinin hamısını toplayır. Bakıda da gənclər kitablar yazırlar. Mənə gətirdilər. Atam Bakıda “Həyat”, “Füyuzat” dərgilərini çıxarıb.

- Atanız burdan Bakıya qayıtdıqdan sonra dil ətrafında qızğın mübahisələr başlayıb. Firudin bəy Köçərli atanız barədə yazıb ki, Allah Əli bəy Hüseynzadə cənablarına insaf versin, İstanbuldan gəlib sadə dildə yazmaq üçün gördüyümüz işlərin istiqamətini dəyişdirdi. Atanız həyatının Bakı dövrü barədə sizə nələr danışırdı?

- Heç nə danışmazdı.

- Niyə? Az danışmağı sevirdi, yoxsa?..

- Siyasi məsələlərdən danışmağı çox da sevmirdi.

- Anadoludakı fəaliyyətinizdən sonra İstanbulda hansı işləri gördünüz? Sadəcə şəkil çəkib sərgi açırsınız?

- Sərgiləri də özümü əyləndirmək üçün açıram. (Gülür.)

- Siz də az danışırsınız. Yoxsa mən çox danışıram? İstanbulun sənət həyatını necə qiymətləndirirsiniz? Bu boyda şəhər üçün kifayət edirmi sizcə?

- Təəssüf ki, yox. Hələ indi heç kifayət deyil. Bəyoğlundakı operanı belə bağladılar. Artıq İstanbulda heç bir sənətçiyə yer yoxdur. Anadoluda isə vəziyyət daha bərbaddır. 50-60 il əvvəl hər şey daha yaxşı idi. O vaxt İstanbul bir sənət mərkəzi idi. Opera sənətkarları sağda-solda konsert verirlər. Belə bir şey ola bilməz. Sənətsiz millət olarmı?

- Rəsm sənəti ilə bağlı da eyni cür düşünürsünüz?

- Bəli, kifayət deyil. Çılpaq rəsmlərin, heykəllərin üstünü örtürlər. Axı bunlar sənət əsərləridir? Mən sənət təhsilinə başlayanda bizim kitablarımızda rəsmlərin, heykəllərin fotoları vardı. Dindar bir atanın uşağı onların üstünə kağız yapışdırırdı, biz də gülərdik. Uzun illər keçməsinə baxmayaraq, cəmiyyətimiz hələ də sənətin mahiyyətini qavraya bilməyib.

- Siz İstanbulda “balet” sözü eşidirsinizmi? Son illər mən eşitmirəm...

- Əvvəl İstanbulda vardı, indi sadəcə Ankarada qalıb. Taksimdəki Atatürk Kültür Mərkəzi 3 ildən bəri qapalıdır. Sənətkarların bəziləri Üsküdara, bəzisi Kadıköyə gedib oradakı dar və kiçik yerlərdə opera ilə məşğuldur. Bu, onların səhhətinə də mənfi təsir göstərir.

- İlyarım əvvəl rəssam Burhan Doğançayın bir tablosu 1,5 milyon dollara satıldı. Bu, yaşayan bir türk rəssamının ən baha qiymətə satılan tablosu idi. Ondan sonra Erol Akyavaşın tablosu 1,4 milyon dollara satıldı. Ancaq daha sonra sənət bazarında bu cür hərəkətlənmələr olmadı. Bunu necə qiymətləndirirsiniz?

- Hazırda ortada sənət yoxdur. Mən əvvəllər siyasətin sənətə bu dərəcədə müdaxiləsini görmədim. Sənətə çox dəyər verən Atatürkü indi yox etməyə çalışırlar. Mən belə görürəm. İnşallah, gənclik bu işləri yoluna qoyacaq. Mənim gənclərə ümidim böyükdür. İndi az qala gecəqondu məhəllələrində de universitet var. Ancaq hansı təhsili verə bilir? Hər şey yetərsizdir.

- Universitetlərin incəsənət fakültələri çoxdur, ancaq ortaya güclü sənətkar az çıxır...

- Sənətkar var, ancaq onları yox edirlər.

- Qardaşınız Səlim bəy Parisdə sənət təhsili alıb. 60-80-ci illərdə de Türkiyədən Avropaya sənət təhsili almağa gedənlər çox olub. Son illərdə deyəsən, buna da diqqət azalıb.

- Böyük bacım da xaricdə təhsil alıb. O, 1934-cü ildə gedib. Qayıdandan sonra Atatürk liseyində dərs verdi. O dövrdə sənət təhsilinə böyük önəm verilirdi. İndi isə yox.

- Qardaşınız Səlim bəy Avropaya gedəndən sonra cəsur şəkildə Türkiyəyə müasir sənəti gətirən adam olub. Ondan əvvəl gedənlər natürmort, mənzərə səviyyəsində qalıblar.

- Yox. O birilər də çox iş gördülər. Onların qrupu vardı: Turqut Atalay, Avni Arbaş. 5 nəfər çox iş gördü. Müasir sənətin Türkiyəyə gəlməsində Səlim və arkadaşlarının rolu çoxdur. Onların burdakı müəllimləri də yaxşı idi. Bizim miniatür sənətimizin ənənələri də güclüdür.

- Əsərlərinizdə miniatür sənətindən təsirləndiyinizi görürük.

- Mən akademiyadakı müəllimim İsmayıl Hakkı Baltacıdan miniatürlə bağlı çox şey öyrəndim. Mən özümə görə şəkil çəkirəm, özümü əyləndirirəm. Həqiqətən özümü əyləndirirəm. Bunu təvazökarlıq üçün demirəm.

- Atanız Tiflisdə böyüyüb, babası Qafqazın şeyxülislamı olub. Bu barədə sizə bir şey danışırdımı?

- Atamın atası tez ölüb. O da babasının yanında böyüyüb. Atam o dövrlərlə bağlı bizə heç nəyi açıqlamırdı.

- 1926-cı ildə Bakıdan qayıdandan sonra sakit həyat tərzi keçirdiyini görürük. Halbuki əvvəllər həmişə mübahisə və müzakirələrin içində olub. Bunu nəyə bağlayırsınız?

- Universitetdə dərs deyirdi. Atatürklə dost olduqdan sonra Atatürk ona millət vəkilliyi təklif etdi, ancaq atam qəbul etmədi. Atatürklə türk dili və tarixi ilə bağlı işləyirdi.

- Harada tanış olmuşdular? Atanız bunu sizə demişdimi?

- Yox, deməmişdi. Atatürk özü onu dəvət edirdi. Türk Dil Qurumundakı işləri birlikdə müzakirə edirdilər. Heç vaxt siyasət barədə danışmazdı. Ancaq evimizə Yusuf Akçura, Əhməd Ağaoğlu gəlib-gedirdi. Onlar atamın yaxın dostları idilər. Öz aralarında danışırdılar, biz yanlarında olmurduq. Ağaoğlunun ailəsi ilə axıra qədər bir olduq. Bütün ailəmiz. (Gözləri dolur). Hələ də onlarla bərabərik...

- Çəkdiyi rəsmlərdən sizdə və ya muzeylərdə qalanlar çoxdurmu?

- Bir az var. (Gülür). Suluboya, yağlıboya çəkirdi. Daha çox portretlər üzərində işləyirdi.

- Kimin portretlərinin?

- Atam nənəsinin portretini çəkmişdi. Mina xanımın. Məndədir.

- Sovet vaxtı əleyhinə bir çox yazılar yazılmışdı. Sizcə, onları oxusaydı, necə reaksiya verərdi?

- Mütləq hamısını bağışlayardı.

- Təbii ki, hər övlad atasını xoş niyyətlərlə xatırlayır. Sizin onunla münasibətləriniz necə idi? Sizinlə yaxın dost kimi idimi?

- Bizimlə arkadaş kimi idi. Çox sakit, çox təbii adam idi. Uşaqlıqda bizi gəzməyə aparanda səhər deyirdi ki, hazırlaşın, gedirik. O vaxt Süleymaniyyədə yaşayırdıq. Ancaq evdən axşamüstü çıxa bilirdik. Axşam isə evə gec gəlirdik. İstanbul boğazında bizi gəzdirirdi. Özünün yetişdirdiyi tərəvəzləri yeyərdik. Qış vaxtı xiyarı necə yetişdirdiyinə çaşıb qalırdıq. Bitkilərlə məşğul olmağa o qədər həvəsli idi ki...

- Atatürklə çalışmalarının qeydləri sizdə varmı?

- Onların hamısını İzmirə göndərdim. Atatürkün ölümü ona çox pis təsir etmişdi. Atamı iki dəfə gözüyaşlı gördüm: biri Atatürk, biri də Ağaoğlu öləndə... (Gözləri dolur).

- Atanızın Azərbaycandan tanıdığı adamlardan daha sonra onu görməyə gələn oldumu?

- Əziz Aksu gəldi. Atamın qohumu imiş. Kimyaçı idi. O da universitetdə işləyirdi.

- Azərbaycanda gəncliyin atanızın ideallarını davam etdirməsini necə qiymətləndirirsiniz?

- Bundan yaxşı nə ola bilər ki? Hər kəsə təşəkkür edirəm.

- Azərbaycana heç getdinizmi? Ata yurdunuza hansı mesajı vermək istərdiniz?

- Mən Azərbaycana getmədim, böyük bacım 1992-ci ildə getmişdi. Azərbaycanda hər kəsə sevgi və sayğılarımı göndərirəm.

Qeyd: Feyzavər xanımla fotolar çəkdirib əlini öpüb başıma qoydum. Xəbərdarlıq etdi: “Atam əl öpəndən sonra başa qoymağı sevməzdi”...

Hörmətli Feyzavər Alpsar ilə söhbətimizin baş tutmasına yardım edən məşhur cərrah, parlaq ziyalı, professor İbrahim Yıldırıma təşəkkür borcumuz var.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR