XVI Respublika fənn olimpiadasının II turuna start verilib

XVI Respublika fənn olimpiadasının II turuna start verilib
# 27 may 2011 14:54 (UTC +04:00)
Bakı. Sevil Valehova - APA. Bu gün Dövlət İqtisad Universitetində (BİU) Təhsil Nazirliyi və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin birgə təşkilatçılığı ilə təşkil edilmiş tələbələrin XVI Respublika fənn olimpiadasının II turunun açılış mərasimi keçirilib. APA-nın məlumatına görə, tədbirdə çıxış edən təhsil naziri Misir Mərdanov Azərbaycanda kifayət qədər istedadlı gənclərin olduğunu deyib. Son illər ölkədə gənclərin yüksək bilik və təhsil almaları üçün lazımi şərait yaradıldığını söyləyən nazir xüsusi istedada malik olan uşaqların yaradıcılıq potensialının inkişafı istiqamətində görülən işlərdən danışıb.
Təhsil naziri fənn olimpiadasına marağın ilbəil artdığını deyib. O, I turun nəticələrinə görə olimpiadanın yekun turunda 28 dövlət və 8 qeyri-dövlət ali təhsil müəssisəsindən 684 tələbənin iştirak etmək hüququ qazandığını qeyd edib. Nazir bildirib ki, olimpiadaya Bakı ilə yanaşı, Sumqayıt, Naxçıvan, Gəncə, Lənkəran və Mingəçevirdə fəaliyyət göstərən ali təhsil müəssisələri də qatılıb.

Misir Mərdanov olimpiadanın yekun turunda tələbələrin 12 fənn üzrə (riyaziyyat, fizika, kimya, biologiya, informatika, Azərbaycan dili, Azərbaycan tarixi, Azərbaycan coğrafiyası, ingilis dili, fransız dili, alman dili və rus dili) biliklərini sınayacaqlarını qeyd edib.

Sonra təhsil nazirinin müavini İradə Hüseynova XVI Respublika fənn olimpiadasının təşkilati məsələləri ilə bağlı məlumat verib. O, qeyd edib ki, olimpiadanın qaliblərinə Təhsil Nazirliyi və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi tərəfindən hədiyyələr, pul mükafatları və diplomlar təqdim olunacaq.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR