Azərbaycanda pensiyalar 40% artırılıb

Azərbaycanda pensiyalar 40% artırılıb
# 01 iyul 2011 08:00 (UTC +04:00)
Bakı. Sevil Zeynalqızı - APA-Economics. Azərbaycanda 2006-cı il yanvarın 1-dək pensiyaya çıxan şəxslərin pensiya məbləğinin orta hesabla 40% artırılmasını nəzərdə tutan “Əmək pensiyaları haqqında” qanuna edilən dəyişikliklər bu gündən qüvvəyə minir.

APA-Economics”in məlumatına görə, dəyişikliyə əsasən 2006-cı il 1 yanvar tarixinədək olan dövrdə pensiyaya çıxmış şəxslərin əmək pensiyaları 2006-cı il 1 yanvar tarixinə nəzərə alınmış sığorta stajının hər ili üçün 1,94 manat sığorta hissəsi müəyyən edilməklə, 2011-ci il 1 iyul tarixindən hesablanacaq. Yəni təkrar hesablama nəticəsində staj 1,94-ə vurulacaq və alınan rəqəmə 85 manat məbləğində baza pensiyası əlavə olunacaq. Hesablama zamanı pensiyanın eyni məbləği bundan əvvəlkindən aşağı olsa, əvvəlki məbləğ saxlanılacaq.

Artımların maliyyələşməsi üçün tələb olunan illik vəsait 390 mln. manat, cari ilin 6 ayında isə 195 mln. manat təşkil edir. Bu dəyişiklik bütün kateqoriyalı pensiyaçılara şamil olunur.

Qeyd edək ki, Azərbaycanda 2006-cı ilədək pensiyaya çıxanların sayı 845 min nəfərdir. Bunun 675 min nəfəri hazırda 85 manat məbləğində minimal pensiya alır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR