Prezident İlham Əliyev Xəzər rayonunda olub

Prezident İlham Əliyev Xəzər rayonunda olub
# 07 iyul 2011 18:58 (UTC +04:00)
Bakı-APA. Prezident İlham Əliyev iyulun 7-də Xəzər rayonunun Buzovna qəsəbəsində görülən işlərlə yaxından tanış olub. Bu barədə APA Azərtaca istinadən məlumat verir.
Prezidentə məlumat verilib ki, şəhərətrafı qəsəbələrin sosial-iqtisadi inkişafına həsr olunmuş müşavirədə dövlət başçısının verdiyi tapşırıqlara uyğun olaraq paytaxtın digər kənd və qəsəbələrində olduğu kimi, Xəzər rayonunun Buzovna qəsəbəsində də genişmiqyaslı quruculuq işləri aparılır, yollar abadlaşdırılır, qəsəbənin sosial infrastrukturu yenilənir.
Prezident İlham Əliyev əvvəlcə magistral yolun kənarında yerləşən çoxmərtəbəli yaşayış binalarının üzlənməsinə baxıb.
Bildirilib ki, zövqlə və müasir materiallarla üzlənən binalar tamamilə müasir görkəm alır və qəsəbənin ümumi mənzərəsinə yeni çalarlar əlavə edir. Xüsusi işıqlandırma sistemi binaları gecələr daha yaraşıqlı edir. Üzlənmə ilə yanaşı, binaların blokları da yenidən qurulur, liftlər yeniləri ilə əvəzlənir.
Prezident İlham Əliyev abadlıq və yenidənqurma işləri zamanı sakinlərin istirahəti üçün yaradılan şəraitlə də tanış olub.
Diqqətə çatdırılıb ki, binaların həyətlərindəki köhnə istirahət yerləri müasirləşdirilir, bəzi məhəllələrdə yeniləri yaradılır. Bu zaman istirahətin rəngarəngliyi də nəzərə alınır. Buzovna qəsəbəsində yenilik ondan ibarətdir ki, magistral yolla yaşayış binaları arasında gözəl istirahət parkı salınıb.
Prezident İlham Əliyev burada yaradılmış şəraitlə də tanış olub.
Bildirilib ki, istirahət yerində tamamilə yeni işıqlandırma sistemi yaradılıb, oturacaqlar quraşdırılıb.
Qəsəbədə aparılan abadlıq və yenidənqurma işləri ilə tanışlıqdan sonra dövlət başçısı sakinlərlə görüşüb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR