Misir Mərdanov “British Council”ın regional direktoru ilə görüşüb

Misir Mərdanov “British Council”ın regional direktoru ilə görüşüb
# 12 iyul 2011 15:12 (UTC +04:00)
Bakı. Sevil Zeynalqızı - APA. Təhsil naziri Misir Mərdanov bu gün “British Council” təşkilatının regional direktoru Maykl Börd və bu qurumun Azərbaycan üzrə direktoru Pol Klementsonla görüşüb. Təhsil Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, M. Mərdanov görüşdə “British Council”ın Azərbaycanda həyata keçirdiyi layihələrdən söz açıb. O, Bakının 7 pilot məktəbində müəllimlər üçün keçirilən ən müasir ingilis dili təlim kursunun əhəmiyyətindən danışıb və bu təşəbbüsün növbəti tədris ilində 20 məktəbdə davam etdiriləcəyini deyib.
M. Mərdanov ölkə prezidentinin “2011-2021-ci illərdə Azərbaycan təhsilinin inkişafı üzrə Milli Strategiya”nın hazırlanması haqqında sərəncam imzaladığını və bu sərəncama uyğun olaraq təhsil sahəsi üzrə qısa müddət ərzində yeni strategiyanın hazırlanacağını qonağın diqqətinə çatdırıb. Nazir bu sənədin hazırlanmasında Azərbaycanda fəaliyyət göstərən beynəlxalq təşkilatların, xüsusilə “British Council”ın imkanlarından istifadə olunmasının məqsədəuyğunluğunu vurğulayıb.
M. Mərdanov Azərbaycanda təlim tam ingilis dilində və yaxud hər iki dildə aparılan məktəbin yaradılması, Azərbaycanda ingilis dilinin tədrisi vəziyyətinin monitorinqinin keçirilməsi, ümumtəhsil məktəbləri üçün ingilis dilində dərslik və dərs vəsaitlərinin birgə hazırlanması təkliflərini irəli sürüb.

M. Börd əməkdaşlığın davam etdirilməsinə hazır olduqlarını bildirib. O, hazırda Azərbaycanın təhsil sistemi üzrə prioritet sahələrlə maraqlanıb. Görüşdə Böyük Britaniya universitetləri ilə Azərbaycanın ali təhsil müəssisələri arasında əlaqələrin genişləndirilməsi, orta və peşə təhsili sahəsi üzrə əməkdaşlığın yaradılması, azərbaycanlı gənclərin Böyük Britaniya universitetlərində təhsili və sair məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR