Gəncə Şəhər İcra Hakimiyyətində ilin ilk yarısının yekunlarına həsr olunmuş kollegiya iclası keçirilib

Gəncə Şəhər İcra Hakimiyyətində ilin ilk yarısının yekunlarına həsr olunmuş kollegiya iclası keçirilib
# 22 iyul 2011 08:39 (UTC +04:00)
Gəncə. Ayxan Hüseynov - APA. Gəncə Şəhər İcra Hakimiyyətində 2011-ci ilin ilk yarısının yekunlarına həsr olunmuş kollegiya iclası keçirilib. APA-nın Qərb bürosunun məlumatına görə, iclasda şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev “2011-ci ilin birinci yarısında Gəncə şəhərinin sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələr” mövzusunda hesabatla çıxış edib.

Elmar Vəliyev hesabat dövründə şəhərdə ümumi daxili məhsulun (ÜDM) həcminin 45,4 faiz artaraq 226,2 milyon manat təşkil etdiyini, adambaşına düşən ÜDM həcminin 727 manata çatdığını deyib. İH başçısı ötən dövrdə şəhərdə tikinti, abadlıq, quruculuq və yaşıllaşdırma işlərinin geniş miqyas aldığını vurğulayıb. Hazırda Nizami Gəncəvinin məqbərəsi ətrafında abadlıq işlərinin davam etdiyini deyən Elmar Vəliyevin sözlərinə görə, məqbərənin ornamentlərinin və digər elementlərinin üzlənməsi üçün 1070 paqometr qranit və 450 paqometr aqlay döşənib. Onun sözlərin görə, şəhərin “Üçbulaq” adlanan ərazisində 1,5 hektar ərazidə yeni park salınır, parkda Nizami Gəncəvinin heykəli ucaldılacaq və beş fəvvarə inşa ediləcək. Bundan başqa Əhməd Cəmil küçəsində 100 metr hündürlükdə Azərbaycanın dövlət bayrağı ucaldılacaq meydanda bünövrənin tikintisinə başlanılıb. İH hakimiyyəti başçısının sözlərinə görə, şəhər rəhbərliyinin təşəbbüsü ilə “Azərdövlətlayihə” İnstitutu tərəfindən Gəncə şəhərinin yeni Baş Planının işlənib hazırlanması işləri davam etdirilir.

Elmar Vəliyev görülən işlər sırasında Gəncənin qaz təchizatı sisteminin yenidən qurulduğunu xüsusi vurğulayıb. Şəhərin qazla təchizatını yaxşılaşdırmaq və vaxtilə şəhərsalma qaydalarına zidd çəkilmiş yerüstü qaz kəmər boruları polietilen borularla əvəzlənərək yeraltı çəkilir. İndiyədək 14 min paqometr yerüstü qaz kəməri yeraltı kəmərlə əvəzlənib. Bundan başqa bu ilin ilk yarısında 1512 paqometr uzunluğunda yeni qaz xətləri çəkilib, Gəncə-Şəmkir magistral yolunda aparılan yenidənqurma işləri ilə əlaqədar 346 paqometr uzunluğunda qaz kəməri borusu sökülüb.

E. Vəliyev hesabat dövründə şəhər İH başçısı aparatına 4315 yazılı müraciət daxil olduğunu bildirib. Müraciətlərin 72.5 faizi torpaq sahələrinin ayrılması, mənzil, tikinti məsələləri ilə əlaqədar olub. İH başçısı sakinlərin problemlərinin öyrənilib vaxtında aradan qaldırılması üçün səyyar qəbullar keçirdiyini əhalini narahat edən məsələləri yerində öyrənərək həmin problemlərin həllinə yönəldilən konkret tapşırıqlar verdiyini deyib. Hesabatda 2011-ci ilin ilk yarısında ən müxtəlif sahələrdə görülən işlərə geniş yer verilib.

İclasda müxtəlif müəssisə və təşkilatların rəhbərləri çıxış edərək görülən işlər, problemlər barədə danışıblar. E. Vəliyev problemlərin aradan qaldırılması üçün müvafiq tapşırıqlar verib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR