Azərbaycanda ixtisara düşən dövlət qulluqçularının dövlət qurumlarına işə düzəlmək üçün 2 il vaxtı olacaq

Azərbaycanda ixtisara düşən dövlət qulluqçularının dövlət qurumlarına işə düzəlmək üçün 2 il vaxtı olacaq
# 02 avqust 2011 09:10 (UTC +04:00)
Bakı. Əli Əhmədov - APA-Economics. Azərbaycanda ləğv olunan dövlət orqanının əməkdaşları həmin qurumun bazasında yaradılmış yeni dövlət orqanında analoji vakant vəzifəyə təyin edilməlidir. Bu, dövlət başçısının təsdiqlədiyi «Dövlət orqanları ləğv edilərsə və ya ştatlar ixtisara düşərsə, vəzifə maaşına və ixtisasa uyğun işə düzəlməkdə və ya dövlət orqanlarında tutduğu vəzifəyə uyğun vəzifə tutmaqda dövlət qulluqçusunun «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikası Qanununun 21.1.6-cı maddəsində nəzərdə tutulmuş üstünlüyünün həyata keçirilməsi» Qaydasında nəzərdə tutulub.

Qeyd edək ki, bu Qayda dövlət orqanının ləğvi, yaxud dövlət qulluqçularının sayı və ya ştatların ixtisarı ilə əlaqədar dövlət qulluğuna xitam verilmiş dövlət qulluqçularının (o cümlədən, staj və ya sınaq müddətində olan şəxsin) ehtiyat kadr kimi saxlanılması və vakant vəzifəyə təyin edilməsi məsələlərini tənzimləyir.

Qaydaya əsasən, dövlət orqanının ləğvi ilə əlaqədar dövlət qulluğuna xitam verilmiş şəxslər öz razılığı əsasında ləğv edilən dövlət orqanının bazasında yaradılmış yeni dövlət orqanında analoji vakant vəzifəyə təyin edilməlidir. Belə ki, yeni dövlət orqanının rəhbəri qurumun əsasnaməsi və ştat cədvəlinin təsdiq edildiyi gündən 10 iş günü müddətində həmin şəxsləri analoji vakant vəzifəyə təyin etməli və bu barədə Dövlət Qulluğu Məsələləri üzrə Komissiyaya (DQMK) məlumat verməlidir.

Yeni yaradılan dövlət orqanında ştatların sayı bu şəxslərin müvafiq vəzifələrə təyin edilməsinə imkan vermirsə, ilk növbədə, peşəkarlığı və idarəçilik təcrübəsi daha yüksək olan şəxslər işə götürülür.

Dövlət qulluğuna xitam verilmiş şəxslərin peşəkarlığı və idarəçilik təcrübəsi eyni səviyyədə olduqda şəhid ailəsinin üzvlərinə, müharibə iştirakçılarına, 10 il və daha çox dövlət qulluğu stajı olanlara, əsgər və zabitlərin arvadlarına (ərlərinə), öhdəsində iki və daha çox 16 yaşınadək uşağı olanlara üstünlük verilir.

Əgər ləğv olunan qurumdakı dövlət qulluqçusunu yeni yaranan təşkilata işə götürmək mümkün deyilsə, həmin şəxs yeni dövlət orqanında 2 il müddətində ehtiyat kadr kimi saxlanılır və bu barədə DQMK-ya məlumat verilir. Müvafiq dövlət orqanında analoji vakant vəzifə yarandıqda həmin şəxslər 10 iş günü müddətində analoji vəzifəyə təyin edilməlidirlər və bu barədə Komissiyaya məlumat verilməlidir.

Əgər ləğv edilmiş dövlət orqanının bazasında yeni dövlət orqanı yaradılmırsa, dövlət orqanının ləğvi ilə əlaqədar dövlət qulluğuna xitam verilmiş şəxslər 2 il müddətində Komissiyada ehtiyat kadr kimi saxlanılır və dövlət orqanlarında analoji vakant vəzifə yarandıqda Komissiya həmin şəxsləri vəzifəyə təyin edilmək üçün 5 iş günü müddətində həmin orqanın rəhbərinə təqdim edir. Bu şəxslər 10 gün müddətində vakant vəzifəyə təyin edilməli və bu barədə Komissiyaya məlumat verilməlidir.

Qaydaya görə, dövlət orqanı və ya onun bölmələri ləğv edilərək digər dövlət orqanlarının tərkibində yenidən təşkil olunanda əvvəllər həmin orqanda və ya onun bölmələrində qulluq keçmiş şəxslər müvafiq dövlət orqanlarında ayrılmış yeni ştat sayı həddində analoji vakant vəzifəyə təyin edilməlidirlər.

Dövlət qulluqçularının sayı və ya ştatları ixtisar ediləndə peşəkarlığı və idarəçilik təcrübəsi daha yüksək olan şəxslər işdə saxlanılmalıdır. Bu göstəricilər eyni olsa, yuxarıda sadalanan əlavə şərtlər (şəhid ailəsinin üzvlüyü, müharibə iştirakçılığı, staj, uşaqların sayı və s.) nəzərə alınır.

Ehtiyat kadrlar siyahısına daxil edilən şəxs analoji vəzifəyə təyin olunduqda əvvəlki staj və sınaq müddəti nəzərə alınır. Ehtiyat kadrlar siyahısında olduğu müddət isə staj kimi sayılmır. 2 il ərzində dövlət qulluğu vəzifələrinə təyin edilməsələr onlar ehtiyat kadrlar siyahısından çıxarılırlar.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR