Arxeologiya və Etnoqrafiya İnstitutunun Şamaxı-Ağsu Arxeoloji Ekspedisiyası Buğurt qalasında ilkin kəşfiyyat işlərinə başlayacaq

Arxeologiya və Etnoqrafiya İnstitutunun Şamaxı-Ağsu Arxeoloji Ekspedisiyası Buğurt qalasında ilkin kəşfiyyat işlərinə başlayacaq
# 02 avqust 2011 14:36 (UTC +04:00)
Bakı. Sevil Zeynalqızı - APA. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Arxeologiya və Etnoqrafiya İnstitutunun Şamaxı-Ağsu Arxeoloji Ekspedisiyası yaxın günlərdə Buğurt qalasında ilkin kəşfiyyat işlərinə başlayacaq. İnstitutun mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Buğurt qalası Gülüstan qalası ilə eyni əhəmiyyətə malik olmaqla bərabər, həm də ikinci müdafiə sistemi rolunu oynayıb. Məlumatda bildirilir ki, tədqiqatların paralel olaraq aparılması Azərbaycan tarixində qaranlıq səhifələrin aydınladılması üçün mühüm faktlar verə bilər. Ekspedisiyanın Şamaxı rayonunun Gülüstan qalasında apardığı qazıntı işləri zamanı isə orada qala divarları olduğu güman edilən tikili hissələri, saraya məxsus mətbəx, çoxlu sayda təndirlər, ocaq yerləri, qazanlar, silah nümunələri, sikkələr, müxtəlif ölçülü saxsı və şüşə məmulatları, iri təsərrüfat küpləri, şirəli qablar, daş kirkirə, əl dəyirmanı və sair aşkara çıxarılıb. Tədqiqat zamanı tapılan skeletlərdən birinin islam qaydalarına əsasən üzü qibləyə dəfn edildiyi, digərində isə islamdan əvvəlki dəfn ayini nəzərə çarpıb. Gülüstan qalasında yaşayışın VIII əsrdən başladığı güman olunsa da, daha qədimə gedib çıxdığını sübut edib.
İnstitutda hesab edirlər ki, Şirvanşahlar dövlətinin müdafiə istehkamları bir-biri ilə sıx əlaqədar olduğundan burada kompleks tədqiqat işlərinin aparılması vacibdir. Bu səbəbdən Şirvanşahlar dövlətinin əsas müdafiə qalası olan və Gülüstan qalası ilə birbaşa əlaqədə olan Buğurt qalasında tədqiqat işlərinin aparılması vacibdir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR