Milli Məclisin payız sessiyasında «Təhsil kreditləri haqqında» qanun layihəsinin müzakirəsi gözlənilir

Milli Məclisin payız sessiyasında «Təhsil kreditləri haqqında» qanun layihəsinin müzakirəsi gözlənilir
# 09 avqust 2011 12:12 (UTC +04:00)
Bu barədə APA-ya qanun layihəsinin müəllifi, parlamentin İqtisadi Siyasət Komitəsinin üzvü Əli Məsimli məlumat verib.
Millət vəkilinin sözlərinə görə, prosedura uyğun olaraq qanun layihəsi Milli Məclisin aparatına və İqtisadi Siyasət Komitəsinə təqdim olunub. Layihə çoxaldılaraq komitə üzvlərinə tanış olmaq üçün paylanıb: “Əslində qanun layihəsinin ilk müzakirələrinin yaz sessiyasında aparılması planlaşdırılmışdı. Lakin gündəlikdəki məsələlərin çoxluğu buna imkan vermədi».
Ə. Məsimli deyib ki, sözügedən qanunun qəbulunun zamanı yetişib: «Bu gün ölkədə verilən əməkhaqqının fonunda təhsil haqları çox yüksəkdir. Azərbaycan vətəndaşı ildə təhsil haqqına minimum 1000 manatdan maksimum 4500 manatadək vəsait ödəməlidir».

Deputat deyib ki, qanun layihəsi hazırlanarkən qabaqcıl ölkələrin təcrübəsi, eyni zamanda postsovet ölkələrinin mövcud təcrübələri öyrənilib. Layihədə sosial yönümlü təhsil kreditləri ilə ümumi təmayüllü təhsil kreditləri birləşdirilib. Həmçinin təhsil kreditlərinə tələbənin oxuduğu dövrdəki digər xərcləri (kirayə, qidalanma və s.) də daxil edilib.

Ə. Məsimli bildirib ki, Azərbaycanda hazırlanmış qanun layihəsi digər ölkələrin mövcud qanunlarından daha mütərəqqi hesab oluna bilər. Burada kreditin qaytarılma müddəti 20 il göstərilir. Həmçinin krediti alacaq şəxs əsgərlikdə, analıq məzuniyyətində olduğu dövrdə güzəştə malik olacaq. Layihədə qeyd olunub ki, kreditin qaytarılmasına həmin şəxs ali məktəbi başa vurandan 2 il sonra başlamalı və əməkhaqqının maksimum 20 faizini bu məqsədlə sərf etməlidir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR