BMT baş katibi: “Hökumətləri və əczaçılıq şirkətlərini diabetə qarşı əsas dərman vasitələrinin kasıblar üçün daha ucuz olmasını təmin etməyə çağırıram”

BMT baş katibi: “Hökumətləri və əczaçılıq şirkətlərini diabetə qarşı əsas dərman vasitələrinin kasıblar üçün daha ucuz olmasını təmin etməyə çağırıram”
# 14 noyabr 2011 07:31 (UTC +04:00)
Bakı – APA. BMT baş katibi Pan Gi Mun Ümumdünya Diabet Günü münasibətilə müraciətlə çıxış edib. BMT-nin Azərbaycandakı nümayəndəliyindən APA-ya verilən xəbərə görə, müraciətdə deyilir ki, builki Ümumdünya Diabet Günü diabet və digər qeyri-yoluxucu xəstəliklərə qarşı beynəlxalq mübarizənin getdiyi bir vaxta təsadüf edir: “İki ay bundan əvvəl BMT Baş Assambleyası tarixində ilk dəfə qeyri-yoluxucu xəstəliklərin qarşısının alınması və onlara nəzarətlə bağlı yüksək səviyyəli görüş təşkil edib. Bu görüş nəticəsində həyata keçirmələri üçün müəyyən vaxt qoyulmuş bir sıra öhdəlikləri özündə əks etdirən Siyasi Bəyannamə qəbul olunub. Bunlardan biri də 2013-cü ilədək daha çox insanın diabet diaqnozunun qoyulması və müalicəsi üçün keyfiyyətli dərmanlardan istifadə imkanını təmin etməklə bağlı verilən vəddir. Siyasi Bəyannamə, həmçinin özəl sektoru Minilliyin İnkişaf Məqsədlərinin səkkizinci hədəfinə uyğun olaraq əczaçılıq şirkətləri ilə əməkdaşlıq şəraitində inkişaf etməkdə olan ölkələrdə əsas dərmanların daha ucuz olmasını təmin etməklə öz üzərlərinə düşənləri etməyə çağır. Biz bu istiqamətdə böyük irəliləyiş müşahidə edirik. Şirkətlərdən biri ən az inkişaf etmiş ölkələrdə insulinin təminatı üçün diferensial qiymət sistemini tətbiq etməyə başlayıb. Bu sistem otuzdan artıq ölkəni əhatə edir. Lakin təkcə bu mexanizmlə problemi aradan qaldırmaq mümkün deyil. Biz digər tərəfdaşları da bu işə cəlb etməliyik. Biz səmərəsiz bölüşdürmə sistemi və dərmanlar üçün yetərincə ictimai vəsait çatışmazlığı kimi problemləri həll etməliyik”.

Baş katibin sözlərinə görə, Ümumdünya Diabet Günü bu sahədə məlumatlılığın artırılması və diabetlə yaşayan insanlara beynəlxalq ictimaiyyətin diabetə qarşı mübarizədə onlara dəstək verdiyini göstərmək üçün bir imkandır: “Bu, inkişaf etməkdə olan ölkələrdə diabetlə yaşayan 277 milyon insan üçün xüsusi əhəmiyyət daşıyır. Əksər hallarda bu xəstəlik yoxsul insanlara xüsusi təsir edir və ürək xəstəlikləri, insult, korluq, ətrafların amputasiyası, böyrək çatışmazlığı və vaxtsız ölümlərə səbəb olur. Mən hökumətləri və əczaçılıq şirkətlərini əsas dərman vasitələrinin inkişaf etməkdə olan ölkələr, xüsusilə ona ehtiyacı olan kasıb insanlar üçün daha əlçatan və daha ucuz olmasını təmin etmək üçün birgə strategiya hazırlayaraq bizim məqsədlərimizə real məna verməyə çağırıram. Gəlin, Ümumdünya Diabet Gününü elə istifadə edək ki, dünyanın hər yerində diabetli insanlar layiq olduqları qayğı və müalicə ala bilsinlər”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR