ARDNŞ-in ali məktəb tələbələri üçün təsis etdiyi xüsusi təqaüdün verilməsi üzrə müsabiqənin I mərhələsi keçiriləcək

ARDNŞ-in ali məktəb tələbələri üçün təsis etdiyi xüsusi təqaüdün verilməsi üzrə müsabiqənin I mərhələsi keçiriləcək
# 18 noyabr 2011 13:26 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) noyabrın 20-də Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) ali təhsil müəssisələrinin tələbələri üçün təsis etdiyi xüsusi təqaüdün verilməsi üzrə müsabiqənin I mərhələsini keçirəcək. TQDK-nın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, müsabiqədə iştirak etmək üçün 1191 tələbə qeydiyyatdan keçib. ARDNŞ bu layihəni neft-qaz sənayesi sahəsində savadlı gənc mütəxəssislərin hazırlanması, tələbələrin müasir elmi və təcrübi biliklərə yiyələnməyə həvəsləndirilməsi məqsədilə 2004-2005-ci tədris ilindən etibarən həyata keçirir.

Test imtahanında tələbələrə məntiqi təfəkkürü yoxlayan 40 test tapşırığı təqdim olunacaq. Bu suallara cavab üçün namizədlərə 1 saat vaxt veriləcək. 30 sualın hər biri üçün 5 cavab variantı verilir və onlardan yalnız birini (doğrusunu) seçmək tələb olunur. Digər 10 sualın cavabı açıqdır. Hər düzgün cavab 1 balla qiymətləndirilir. Səhv cavabların nəticəsi düzgün cavabların nəticəsinə təsir etmir.

İmtahanın nəticəsinə əsasən yüksək bal toplamış namizədlər müsahibədə iştirak edəcəklər. Müsahibəni ARDNŞ-nin məsul əməkdaşlarından ibarət komissiya həyata keçirəcək.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR