Bakıda Beynəlxalq Miqrasiya Təşkilatının yaranmasının 60 illiyi ilə əlaqədar tədbir keçirilib

Bakıda Beynəlxalq Miqrasiya Təşkilatının yaranmasının 60 illiyi ilə əlaqədar tədbir keçirilib
# 30 noyabr 2011 08:24 (UTC +04:00)
APA-nın məlumatına görə, tədbirdə Azərbaycanın müxtəlif dövlət qurumlarının, beynəlxalq təşkilatların, səfirliklərin və QHT-lərin nümayəndələri iştirak edib.

Tədbirdə öncə BMqT tərəfindən hazırlanmış sənədli film nümayiş etdirilib. Sonra çıxış edən BMqT-in regional direktoru Renata Held bildirib ki Azərbaycan miqrasiya sahəsində uğurlu tədbirlər həyata keçirməkdədir: “Azərbaycan bu təşkilata 2001-ci ildə qoşulsa da, təşkilatımızın baş ofisi 15 ildir Azərbaycanla fəaliyyət göstərir”.

BMqT-nin layihələri barədə məlumat verən R. Held qeyd edib ki, təşkilat Azərbaycanın cənub sərhədlərində inteqrə olunmuş sərhəd idarəçiliyi modelinin qurulmasında çox maraqlıdır: “Burada Avropa Birliyinin təcrübəsindən istifadə edərək sərhəd idarəçiliyi qurumlarının fəaliyyətinin təşkilində fəaliyyət göstəririk. DSX çərçivəsində xüsusi təlimlər təşkil edilib. Hökumətə bu sahədə müəyyən tövsiyələr olunub”.

Bundan başqa, BMqT Azərbaycanda Naxçıvan hökuməti ilə birgə layihələr həyata keçirib. Mikrokreditlərin verilməsi, insan alveri ilə mübarizə sahəsində tədbirlərin gücləndirilməsi, kəhrizlərin yenidən qurulması və s. layihələrin reallaşdırılmasına yardımçı olub.

R. Held deyib ki, hazırda BMqT tərəfindən Azərbaycanda 10 layihə həyata keçirilməkdədir. İmmiqrasiya və sərhəd idarəçiliyi layihəsi çərçivəsində Naxçıvan Sərhəd Dəstəsində layihə reallaşdırılıb. Bu layihə çərçivəsində sərhəddə pasport yoxlanışlarının təşkilinə dəstək verilir. BMqT və TİKA-nın birgə layihəsi çərçivəsində DSX məmurlarının təcrübə mübadilələri keçmək üçün Türkiyəyə səfəri planlaşdırılır. BMqT həmçinin Azərbaycanda minadan zərər çəkənlər üçün reinteqrasiya proqramını həyata keçirir.

Dövlət Miqrasiya Xidmətinin (DMX) rəisi Arzu Rəhimov isə çıxışında ötən dövr ərzində əlaqələrin sürətlə inkişaf etdiyini və ikitərəfli əməkdaşlıq perspektivlərinin yarandığını söyləyib: “Bir sıra ölkələrlə vizasız gediş gəliş və bəzi digər amillər nəticəsində ölkəyə gələn əcnəbilərin sayı artıb. Bütün bunlar miqrasiya sisteminin təkmilləşdirilməsi və dövlət orqanlarının fəaliyyətinin əlaqələndirilməsini zərurətə çevirib”.

A. Rəhimovun sözlərinə görə, miqrasiya sahəsində bir pəncərə sisteminin tətbiqi bu sahədə prosedurların sadələşdirilməsinə, şəffaflığın təmin olunmasına səbəb olub. Miqrasiya sahəsində Vahid Məlumat Sistemi yaradılıb. Bu sistem ölkədə miqrasiya sahəsində baş verənlər haqda dəqiq məlumat əldə etməyə imkan verir.

Nazirlər Kabineti Aparatının Qaçqınların, məcburi köçkünlərin işləri və miqrasiya məsələləri şöbəsinin müdiri Qurban Sadıqov bildirib ki, BMqT Azərbaycanın qurumları ilə bu dövrdə sıx işləyib: “Bəzi beynəlxalq təşkilatların pərdəarxası layihələri olsa da, BMqT-nin belə layihələri olmayıb. Biz bu əməkdaşlığa görə fəxr edirik”.

Qeyd edək ki, BMqT 1951-ci ildə təsis olunub. Təşkilat tərəfindən hazırda dünyanın müxtəlif bölgələrində 2500 layihə həyata keçirilir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR