Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Milli Onkologiya Mərkəzinin yeni tikilmiş uşaq klinikası ilə tanış olub

Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Milli Onkologiya Mərkəzinin yeni tikilmiş uşaq klinikası ilə tanış olub
# 07 mart 2012 20:29 (UTC +04:00)
Bakı-APA. Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva mart 7-də Milli Onkologiya Mərkəzinin yeni tikilmiş uşaq klinikası ilə tanış olub.
Tikintisinə 2009-cu ildən başlanılmış və artıq hazır olan Milli Onkologiya Mərkəzinin uşaq klinikasının binası dördmərtəbəlidir. Klinikanın həyətində xüsusi zövqlə yaradılmış uşaq meydançası da vardır. Səhiyyə ocağının yerləşdiyi ərazinin ümumi sahəsi 5 min 200 kvadratmetrdir. Məhz uşaqlar üçün nəzərdə tutulduğundan görkəmi ilə digər səhiyyə ocaqlarından fərqlənən bu klinikanın birinci mərtəbəsində poliklinika şöbəsi və müxtəlif diaqnostik kabinetlər, ikinci və üçüncü mərtəbələrdə hər biri 30 çarpayılıq müalicə şöbələri, dördüncü mərtəbədə isə iki əməliyyat otağı olan cərrahi blok və reanimasiya şöbəsi yerləşir. Klinikada konfrans zalı, arxiv, xidməti otaqlar vardır.
Burada mərkəzləşmiş havalandırma, yanğından mühafizə və rabitə sistemləri, həmçinin təhlükəsizliyin təmin edilməsi üçün müşahidə kameraları quraşdırılıb.
Milli Onkologiya Mərkəzinin uşaq klinikasının istifadəyə verilməsi bu sahədəki problemlərin həlli istiqamətində irəliyə atılan vacib addımdır.
Milli Onkologiya Mərkəzinin direktoru, akademik Cəmil Əliyev Azərbaycanın birinci xanımına məlumat verib ki, respublikada onkoloji xəstəliyi olan 1000 nəfərə yaxın uşaq var. Klinikanın açılması ilə bu xəstələrin xaricdə müalicə almasına ehtiyac qalmayacaq. Mərkəzin uşaq klinikası ən müasir tələblərə cavab verən tibbi müəssisə kimi layihələşdirilərək tikilmişdir. Uşaqların özlərini rahat hiss etmələri üçün klinikanın dəhlizlərinin divarları müxtəlif nağılların və cizgi filmlərinin qəhrəmanlarının şəkilləri ilə bəzədilib. Bu isə klinikadakı ümumi şəraiti ev şəraitinə yaxınlaşdırır, qeyri-xəstəxana ab-havası yaradır. Foyedə quraşdırılmış xüsusi monitorlarda klinikada olan bütün dərmanların siyahısı göstərilir.
Azərbaycanın birinci xanımı Mehriban Əliyeva əməliyyat və reanimasiya şöbələrində yaradılan şəraitlə tanış oldu. Burada iki əməliyyat otağı yerləşir. Bu otaqlar müasir narkoz aparatı, laminar hava axını, funksional əməliyyat masası, ən qabaqcıl tibbi cihazlar ilə təchiz edilib. Həmçinin, burada bakterosid və yanğına davamlı divarlar qurulub. Reanimasiya şöbəsi xüsusi avadanlıq vasitəsilə daim nəzarət altında saxlanılır. Bu şöbədə ən müasir süni tənəffüs aparatları var. Monitorlarda isə xəstənin təzyiqi, ürəyin kardioqramı, bədənin temperaturu, bir sözlə, pasiyentin bütün həyat parametrləri göstərilir.
Klinikada 24 saat ərzində fəaliyyət göstərən ekspress- laboratoriya da var. Tibb müəssisəsində uşaqlar yüksək dozalı dərmanlar qəbul edirlər. Bu səbəbdən onlar hər dörd saatdan bir analiz verir ki, bu dərmanların orqanizmdə sovrulması yoxlanılsın. Bu laboratoriyanın əsas məqsədi – pasiyentlərdə digər patalogiyaların yaranmasının qarşısını almaqdır.
Tibb müəssisəsinin hər mərtəbəsində mətbəx, camaşırxana vardır. Xəstələrin yanına gələnlər uşaqlar ilə istirahət otaqlarında da görüşə bilərlər. Klinikada çoxlu stasionar palatalar vardır. Uşaq şöbəsində balacaların zövqünə və yaşına uyğun qurulan hər palatanın ayrıca vanna otağı, televizoru və müalicə almaq üçün lazımi şərait var. Palatalarda valideynlərin övladlarının yanında qalması da nəzərə alınıb.
Bir məqamı da xüsusi qeyd etmək lazımdır ki, pediatrik yaş həddində, yəni 15-16 yaşadək olan onkoloji və hemotoloji xəstələr vaxtında klinikaya müraciət edərsə, onların tam sağalması mümkündür.
Klinikanın hər şöbəsində sümük iliyi, lyumbar punksiyalar və biopsiyaları üçün manipulyasiya otağı fəaliyyət göstərir. Bu otaq həm diaqnostik məqsədlər, həm də müalicənin səmərəliliyini araşdırmaq üçün yaradılmışdır. Klinikada müalicə olunan uşaqların tam sağalması üçün onların 1–2 il ərzində kimyəvi terapiya keçməsi vacibdir.
Tibb müəssisəsində məktəbli yaşında olan xəstə uşaqların tədrisi də nəzərə alınmışdır. Onlar üçün kompyuterlər ilə təchiz edilmiş dərs otağı yaradılıb. Dərs otağı müalicə aldıqları zaman uşaqların tədrisdən təcrid olunmaması məqsədi ilə qurulub.
Uşaq şöbəsində isə məktəbəqədər uşaqlar müalicə alacaqlar. Buradakı oyun və dərs otağı da məhz məktəbəqədər uşaqların tələbatlarına və maraqlarına uyğun yaradılıb.
Mehriban xanım Əliyeva klinikada müalicə olunan 2 yaşlı Nuray Abdulrəhmanlı və onun anası ilə görüşdü, balaca pasiyentin səhhəti ilə maraqlanıb. Qax rayonundan olan Nuray göz almasının retinoblastoması diaqnozu ilə səkkiz ay əvvəl akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzində əməliyyat olunub. Onun gözünə implantant qoyulub.
Heydər Əliyev Fondunun prezidenti Nuray ilə söhbət edib, hədiyyə verdi və ona tezliklə sağalmağı arzulayıb.
Klinikanın daha bir pasiyenti - 11 yaşlı Zübəndə Xəlilovadır. Ucardan olan Zübəndə burun-udlağın karsinomasından müalicə olunur. Mehriban xanım Əliyeva Zübəndə ilə söhbət zamanı ona tezliklə sağalıb, məktəbə qayıtmağı arzuladı və ona hədiyyə təqdim etdi. Zübəndə Xəlilovanın anası klinikada müalicə üçün bütün şəraitin yaradıldığını dedi və buna görə minnətdarlığını bildirib.
Şüa müalicəsinə ehtiyacı olan xəstə uşaqların binadan çıxmadan şüa terapiyası avadanlığının yerləşdiyi bunkerlərə getməsi üçün xüsusi keçid tikilib. Burda çalışan mütəxəssislər Almaniya və Türkiyədə təcrübə keçiblər. Xətti gücləndirici şüa terapiyası 3G formatlı cihazla təchiz edilib.
Maqnit-rezonans tomoqrafiyası kabinetində xüsusi aparat vasitəsilə baş-beyin, qarın boşluğunda, yumşaq toxuma və sümükdə olan patalogiyalar müəyyən edilir.
Rentgen-idarəetmə otağında isə rəqəmsal rentgen aparatı vasitəsilə ağ ciyər, qida borusu, mədə-bağırsaq və qarın boşluğunun ən dəqiq göstəricilərini əldə etmək mümkündür.
Azərbaycanın birinci xanımı Mehriban Əliyeva yeni tikilmiş klinikanın kollektivini təbrik etdi, onlara işlərində uğurlar arzulayıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR