Azərbaycan Ombudsmanı Grans Montana Forumunun 6-cı illik toplantısında iştirak edib

Azərbaycan Ombudsmanı Grans Montana Forumunun  6-cı illik toplantısında iştirak edib
# 12 mart 2012 16:55 (UTC +04:00)
Bakı-APA. Martın 7-10-da Brüsseldə Grans Montana Forumunun Afrika və Cənub Əməkdaşlığına həsr edilmiş 6-cı illik toplantısı keçirilib. Ombudsman Aparatından APA-ya verilən məlumata görə, tədbirdə Ərəb-Afrika ölkələri ilə əməkdaşlığın problemləri, bu əməkdaşlığın beynəlxalq arenada rolu, ümumi inkişafın yeni istiqamətləri, mövcud vəziyyət barədə əhəmiyyətli dialoqun qurulması, onun inkişaf etdirilməsi üçün lazımi iqtisadi, sosial və siyasi vasitələrdən istifadə olunması, demokratiyanın təbliği, bu istiqamətdə dünya ictimaiyyətinin, habelə Avropanın yeni rolu kimi məsələlər müzakirə edilib. Azərbaycan ombudsmanı Elmira Süleymanova bu toplantıda iştirak edib. Forumun Beynəlxalq Qadınlar gününə təsadüf edən iş günündə İSESCO-nun və müxtəlif ölkələrin xüsusi dəvət olunmuş birinci xanımlarının birgə dəstəyi ilə təşkil edilmiş görüşün müvafiq bölümündə Azərbaycan Ombudsmanı “Qadınların liderliyi və onların Azərbaycanda davamlı inkişaf prosesində iştirakı” mövzusunda çıxış edib. Müvəkkil “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı” nda qadın hüquqları ilə bağlı müddəaların da geniş yer aldığını, nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsinin, yeni icra mexanizmlərinin hazırlanmasının vacibliyini diqqətə çatdırmış, dövlət qurumları, vətəndaş cəmiyyəti, qadın təşkilatları, uşaq hüquqları ilə məşğul olan QHT-lərlə davamlı müzakirələrin aparıldığını söyləyib. Ombudsman Azərbaycanda qadınların cəmiyyətdəki rolunun və fəaliyyətinin artdığını vurğulamış, son parlament və bələdiyyə seçkilərində əvvəlkilərdən fərqli olaraq, seçki prosesinə qatılan qadın namizədlərin sayının daha çox olduğunu bildirib. O, bələdiyyə üzvü seçilmiş qadınların sayının əvvəlki dövrdə 4 faizdən 26 faizə qədər yüksəldiyini, habelə Milli Məclisdə qadın deputatların sayının 16 faizə qədər artdığını, qadın sahibkarlığının inkişaf etdiyini, ölkədə qadın hüquqlarının, gender bərabərliyinin, qadın və kişilər arasında hüquq bərabərliyinin təmin edilməsinə önəm verildiyini vurğulayıb. Qrans Montano Forumunun növbəti toplantısının bu ilin iyun ayında Bakıda keçiriləcəyi nəzərdə tutulub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR